“Xəzər Lənkəran” məşqə bir dəqiqəlik sükutla başladı
20.05.2015 - 13:38
“Xəzər Lənkəran” məşqə bir dəqiqəlik sükutla başladı

“Xəzər Lənkəran” Topaz Premyer Liqasının XXXV turunun mayın 22-də keçiriləcək “Sumqayıt”la oyununa hazırlıqların I mərhələsinə tamamlayıb. Apasport.az saytının məlumatına görə, cənublular səfər matçı öncəsi Lənkərandakı hazırlığını başa vurub.

 

Bu gün saat 11:00-da başlayan səhər məşqindən əvvəl komanda üzvləri Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğında həlak olanların ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

 

Ardınca baş tutan məşq Lənkəran stadionunun əsas meydançasında keçirilib. Hazırlığa zədəli futbolçular - Ağabala Ramazanov, Sadio Tounkara və qapıçı Vyekoslav Tomiç də iştirak etməyib. AZAL-la XXXIV turun oyununda huşunu itirən Tural Cəlilov isə artıq komanda ilə birgə məşqlərə qatılıb.

 

Sabah Bakıya yola düşəcək “Xəzər Lənkəran” saat 18.00-da Sumqayıtda, oyunun keçiriləcəyi “Kapital Bank Arena”da matç öncəsi son məşqinə çıxacaq.