Topaz Premyer Liqasının XX turunun “Qarabağ”la “İnter” arasındakı oyunu daha 2 məqamla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, qonaqların 1:0 hesablı qələbəsi 1 seriyanı qırmaqla yanaşı, meydan sahiblərinin yubileyi ilə yadda qalıb.
Belə ki, bakılılarla görüş “Qarabağ”ın Azərbaycan çempionatında keçirdiyi 350-ci ev oyunu olub. Ağdam klubu öz meydanında 236 qələbə qazanıb, 67 heç-heçə edib və 47 dəfə uduzub. Bu qarşılaşmalarda 625 dəfə fərqlənən əyalət klubu 240 top buraxıb.
Bu nəticə “İnter”in “Qarabağ”la səfər matçlarındakı qələbəsizliyinə də son qoyub. 2007-ci il oktyabrın 28-də Ağdam klubunun meydanında 1:0 hesablı qələbə qazanan paytaxt təmsilçisi 10 il idi sindromu qıra bilmirdi. Əyalət klubu isə 9 qələbə qazanıb, 7 heç-heçə etdiyi rəqibinə 3411 gündən sonra uduzub.
Qeyd edək ki, məğlubiyyət “Qarabağ”ın öz meydanındakı yenilməzlik seriyasına da son qoyub. 2015-ci il fevralın 28-də “Qəbələ”yə 0:1 hesabı ilə uduzandan sonra klub tarixi üçün rekord sayda - 32 matç evdə xalsız qalmayan Qurban Qurbanovun yetirmələri eyni gündə, eyni hesabla uduzub. 731 gündən sonra qırılan seriya 26 qələbə və 6 heç-heçədən ibarətdi.