“Qarabağ”ın futbolçusu Reynaldo 6 aydan sonra meydana dönüşünü qolla qeyd edib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXVII turunun “Rəvan”la qarşılaşmasında (5:1) qol sevinci yaşayan braziliyalı sonuncu dəfə 178 gün öncə meydana çıxıb, qol da vurmuşdu.
Çempionatın VII turunda “İnter”lə görüşdə fərqlənən Reynaldo ötən il oktyabrın 4-dən sonra zədə üzündən meydanlardan kənar qalmışdı. Həmin qarşılaşmanın 90+3-cü dəqiqəsində hesabı 2:0-a çatdıran cənubi amerikalı Avropa Liqasının qrup mərhələsinin böyük hissəsini və Premyer Liqanın 19 turunu buraxmalı olmuşdu.