“Qəbələ”nin futbolçusu Filip Ozobiç 2120 günlük həsrətə son qoya bilər. Apasport.az saytının məlumatına görə, Xorvatiyanın əsas millisinə dəvət alan 25 yaşlı yarımmüdafiəçi 2017-ci il yanvarın 11-də Çiliyə qarşı oyunda iştirak etsə, təxminən 6 ildən sonra yığma həyəcanı yaşamış olacaq.
Filip sonuncu dəfə 2011-ci ildə millidə çıxış edib. Əsas komandada debütünü gözləyən futbolçu martın 24-də U-21-in heyətində Ukraynaya qarşı oynayıb.
Start heyətində meydana çıxıb, 51 dəqiqə oynayan yarımmüdafiəçi komandasının 1:2 hesablı məğlubiyyətinə üzülüb. Həmin görüşdə Filipin komanda yoldaşı olanlardan Andrey Kramariç indi əsas yığmanın üzvlərindəndi.
Ümumiyyətlə, U-21-də 6, U-20-də 9, U-19-da 15 (3 qol), U-18-də 4, U-17-də 13 (2 qol), U-16-da 11 (2 qol) matç keçirən Ozobiç bu müddətdə Nikola Kaliniç, İvan Perişiç, Sime Vrsaljko, Milan Badelj, İvan Kelava, İvan Tomeçak kimi oyunçularla komanda yoldaşı olub.