Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin Makedoniyada keçirilən II qrupunun oyunları Azərbaycan çempionu “Araz” üçün bəzi məqamlarla əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Gürcüstanın TDU, Makedoniyanın “Zalezareç” və Kosovonun “Feniks” klubları ilə görüşlərdə təmsilçimiz yubiley qələbəsi və yubiley qoluna sevinə bilər.
Bu qrupda qazanılacaq 2-ci qələbə Naxçıvan təmsilçisinin avrokuboklarda 30-cu uğuru olacaq. Belə ki, indiyədək UEFA kubokunda 52 matç keçirən “Araz” 28 dəfə qalib gəlib. Çempionumuzun hesabında 9 heç-heçə və 15 məğlubiyyət də var. Əgər futzalçılarımız aşkar favorit olduğu qrupda büdrəyib, heç-heçə etsə, 10-cu bərabərlik rəsmiləşəcək. “Araz” bu matçlarda 207 top vurub və 143-nü buraxıb.
Azərbaycan klublarının turnirdəki çıxışları ərzində isə 240 qol sevinci yaşamışıq. Naxçıvan klubu Makedoniyada 10 qol vurarsa, sonuncu top təmsilçilərimizin 250-ci uğuru olacaq. 181 top buraxan komandalarımız buna 63 matçda üzülüb.
Təmsilçilərimiz indiyədək 32 qələbə qazanıb, 12 heç-heçə edib və 19 dəfə uduzub. “Araz” hər üç matçda qalib gəlsə, qələbə sayını 35-ə çatdıracaq.
Komanda ilk dəfə avrokuboklara Miltinyonun rəhbərliyi altında çıxacaq. Braziliyalı Azərbaycan klubları ilə qitə kuboklarına çıxan 9-cu məşqçi kimi tarixə düşəcək. O, indiki komandasının 7-ci çalışdırıcısı olacaq.