[b]267 gün sonra “qırmızı” qayıdış[/b]
12.02.2017 - 18:52
[b]267 gün sonra “qırmızı” qayıdış[/b]

Azərbaycan Premyer Liqasının XVIII turunda “Qəbələ” səfərdə “Zirə” ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, 2:2 hesabı ilə başa çatan görüş qonaqların müdafiəçisi Rasim Ramaldanov üçün əlamətdar olub.

 

Belə ki, milli komandamızın keçmiş üzvü 10 ay sonra yenidən Azərbaycan Premyer Liqasında forma geyinmək şansı qazanıb. O, sonuncu dəfə ötən ilin may ayında ölkə birinciliyində iş başında olub.

 

2016-cı il, mayın 20-də “Sumqayıt”ın heyətində “Neftçi” ilə matçda oynayan Ramaldanov həmin görüşdə sarı vərəqə ilə cəzalandırılmışdı. Karyerasının sonrakı müddətini Gürcüstanda keçirən Rasim qonşu ölkədə “Kolxeti”inin heyətində çıxış edib.

 

Maraqlıdır ki, “Qəbələ” ilə birlikdə yenidən Premyer Liqada forma geyinən müdafiəçi 267 gün sonra dönüşünü “qırmızı” ilə “qeyd edib”. O, “Zirə” ilə oyunun 75-ci dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan uzaqlaşdırılıb.