“Çoxu yazır ki, mən Azərbaycanda da çalışmışam. Amma orda heç müqavilə də imzalamamışdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri rusiyalı məşqçi Andrey Çernışov deyib.
2009-cu ildə yolu Azərbaycanla kəsişən 48 yaşlı çalışdırıcı həmin vaxt “Standard” klubunu çalışdırmalı idi. Lakin Çernışovun ölkəmizdə karyerası baş tutmamışdı.
Rusiya mətbuatına açıqlama verən Çernışov illər sonra həmin məsələni yada salıb. Maraqlı fikirlər səsləndirən təcrübəli mütəxəssis Azərbaycandakı fəaliyyətinin alınmamağını təfərrüatı ilə izah edib: “Azərbaycana mövsümün sonunda getmişdim. Klub rəhbərliyi ilə görüşdüm, bütün şərtləri müzakirə etdik. Razılaşdıq ki, 2 həftədən, yəni komanda istirahətdən qayıdandan sonra münasibətləri rəsmiləşdirəcəyik. Sonra komandaya 2 məşq keçdim, mövcud heyətlə bağlı məlumat toplamağa başladım. Amma hələ də müqavilə imzalamamışdım. Nə vaxt sözləşməyə qol çəkəcəyimi soruşanda, klub prezidentinin gah Londonda olduğunu dedilər, gah da başqa bəhanə gətirdilər. Məsələ bir neçə gün uzandı. Axırda dedim ki, ya sabah səhər klub prezidenti ilə görüşəcəm, ya da burdan gedirəm. Ertəsi gün mənə təyyarə üçün bileti gətirdilər. Orda, ümumilikdə, 3 gün oldum”.
Çernışov söhbət əsnasında Azərbaycan klubunun transfer siyasətinə də toxunub. O bildirib ki, “Standard”a baş məşqçi keçməməyində bu məsələdə eyni fikirdə olmadıqları da rol oynayıb: “Onlara dedim ki, təlim-məşq toplanışına gedəndə filan mövqelərə yeni oyunçular gəlməlidi. Cavabları belə oldu; narahat olmağa dəyməz, biz Cənubi Amerikadan 10-12 futbolçu gətirib, müqavilə imzalayacağıq, əgər işinizə yaramasalar, 3-4 aydan sonra evlərinə yola salacağıq. Amma bununla razılaşmadım. Fikrimcə, onları da məhz bu qorxutdu. Transferlərə özləri nəzarət etmək istəyirdilər”.
Qeyd edək ki, əvvəlcə Bakı, sonra Sumqayıt şəhərini təmsil edən “Standard” artıq fəaliyyətini dayandırıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı