“Kəpəz” Avropa Liqasının II təsnifat mərhələsində sabah “Admira” ilə cavab oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisinin Avstriya klubu ilə budəfəki dueli Bakıda baş tutacaq.
Bu komandaların ilk oyunu “Kəpəz”in 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib. Birinci mərhələdə “Daçiya”nı (Moldova) mübarizədən kənarlaşdıran “sarı-göylər” Avstriyaya da iddialı yollanmaqlarına baxmayaraq, məğlubiyyətdən qaça bilməmişdilər. Lakin Avstriyada qeydə alınan hesab “Kəpəz”in daha bir mərhələ adlamaq arzusunun üstündən xətt çəkmir.
Şahin Diniyevin yetirmələri Bakıda sərfəli nəticə qazanmaqla, “Admira”nı da mübarizədən kənarlaşdıra bilərlər. Amma məlum məsələdi ki, Mödlinq təmsilçisi “Kəpəz” üçün “Daçiya” deyil. Bunu komandaların ilk dueli də açıq-aşkar göstərdi.
“Kəpəz”in “Dalğa Arena”dakı qarşılaşmaya daha istəkli başlayacağı aydındı. Lakin Diniyevin komandasının ilk dəqiqələrdən bütün qüvvə ilə irəli atılacağı inandırıcı deyil. Müdafiəni boş buraxıb, yalnız hücumu düşünmək “Admira”nın xeyrinə işləyər. Belə ki, qonaqlar əks-hücum imkanı qazanıb, ev sahiblərini qolla məyus etsələr, “Kəpəz”in işi bir qədər də çətinləşəcək. Çünki Gəncə təmsilçisi qol buraxacağı təqdirdə, mərhələ adlamaq üçün “Admira”nı 3 dəfə mərkəzə dəvət etməli olacaq ki, Avrokubokun cari mövsümündə keçirdiyi 3 oyunda cəmi 1 qol vuran “Kəpəz”in bunu bacaracağı heç inandırıcı görünmür.
Diniyevin əsas ümidi yenə Dario Juniora olacaq. Topaz Premyer Liqasının 2015/2016 mövsümündə özünü yaxşı tərəfdən göstərən, Avrokubokda isə hələ heç nə ilə yadda qalmayan Julien Ebah da “oyanmalıdı”. Çünki “Kəpəz”in çıxışı daha çox bu ikilinin oyunundan asılıdı. Təbii ki, onları topla təmin etmək missiyasını daşıyan yeni transfer Serjinyo da artıq nəsə etməlidi. Yalnız bu halda “Kəpəz” Avrokubokda “tamam” yox, “davam” deyə bilər.
“Kəpəz” bu dueldən üzüağ çıxsa, növbəti mərhələdə “Slovan”la (Liberets, Çexiya) qarşılaşacaq.
Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
20 iyul
20:00. “Kəpəz” (Azərbaycan) – “Admira” (Avstriya)
Baş hakim: Vitali Meşkov
Baş hakimin köməkçiləri: Valeri Dançenko, Maksim Qavrilin
Dördüncü hakim: Mixail Vilkov (hamısı Rusiya)
Bakı. “Dalğa Arena”