Azərbaycan kubokunda finalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həlledici görüşdə “Qarabağ”la “Qəbələ” üz-üzə gələcək.
Artıq final oyununun keçiriləcəyi məkan da bəllidir. Əvvəldən gözlənildiyi kimi kubokun qalibi Naxçıvanda bəlli olacaq.
Bu, paytaxtdan kənarda keçiriləcək 4-cü finaldır.
Belə ki, final matçının ölkənin bir nömrəli idman qurğusu olan Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi ənənəsi 1992-ci ildə qoyulub. Təkcə tutumuna görə deyil, həm də tarixinə görə indi də həlledici matç üçün ən ideal variant sayılan arena 23 finaldan 18-nə ev sahibliyi edib.
Budəfəki finala qədər 3 dəfə paytaxtdan kənarda keçirilən görüş Sumqayıt (2 dəfə) və Qəbələdə (1 dəfə) baş tutub. Bakıda isə “Şəfa” (indiki “İnter Arena”) və “Dalğa Arena” finala məkan olub.