“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində iyulun 12-də “Düdelanj”la Bakıda keçirəcəyi ilk oyunu israilli Orel Qrinfild idarə edəcək. Apasport.az saytının məlumatına görə, 35 yaşlı referi 2012-ci ildən FİFA dərəcəsini daşıyır.
Həmin ildən beynəlxalq oyunlara təyinat alan Qrinfild əsasən U-19 və U-21-lərin oyunlarına təyinat alıb. Çempionlar Liqasında hələ oyun idarə etməyən referi 2012/13, 2013/14 və 2014/15 mövsümlərinin hər birində Avropa Liqasında bir matçda ədalət təmsilçisi olub.
Ötən mövsüm Avroliqanın 3 görüşünə təyinat atan israilli bunun 2-də qrup mərhələsində oyun idarə edib. O, “Qarabağ”ın yer aldığı qrupda “Tottenhem” - “Anderlext” matçını idarə edib.
Qrinfild hakimlik karyerası ərzində ötən 4 il ərzində UEFA tərəfindən 22 görüşə təyinat alıb. Bu qarşılaşmalarda 86 sarı vərəqə göstərən Qrinfild 5 dəfə qırmızı vərəqəyə müraciət edib.