[b]70-ci sınaq, tanış rəqib[/b]
10.10.2017 - 14:30
[b]70-ci sınaq, tanış rəqib[/b]

Azərbaycan çempionu “Araz” sabah futzal üzrə UEFA kubokunda mübarizəyə başlayacaq. Apasport.az saytının məlumatına görə, ilk turda Bosniya və Herseqovinanın “Mostar” klubu ilə görüşəcək Naxçıvan təmsilçisinin bu matçı yubileylə əlamətdar olacaq.

 

Belə ki, qarşılaşma Azərbaycan komandalarının futzal üzrə UEFA kuboku tarixində 70-ci matçı olacaq. İndiyədək 69 oyun keçirən klublarımız 36 qələbə qazanıb, 12 heç-heçə edib və 21 dəfə uduzub. 269 qol vuran təmsilçilərimiz 193-nü buraxıb.

 

Malta çempionu “Sent Endryu” ilə görüş ilklə də əlamətdar olacaq. Komandalarımız UEFA kuboku tarixində ilk dəfə bu ada ölkəsinin klubu ilə görüşəcək.

 

Açılış oyununda qarşılaşacağımız Bosniya və Herseqovinanın “Mostar” komandası isə “Araz”a tanış rəqibdi. Naxçıvanlılar 2005-ci il oktyabrın 18-də bu rəqibə 2:4 hesabı ilə uduzub. Təmsilçimiz 12 il sonra revanş almaq şansı əldə edib.

 

Meydan sahibi olan Rumıniya “Deva”sı isə indiyədək klublarımızla üz-üzə gəlməyib. Əvəzində bu ölkənin digər klubları 3 dəfə “Araz”ın önünə çıxıb. 2008-ci il noyabrın 11-də “Odorheyu”nu 6:4, 2010-cu il oktyabrın 1-də “Tırqu-Mureş”i 3:1 hesabı ilə yenən çempionumuz sonuncularla 2013-cü il oktyabrın 5-dəki görüşdə 1 xalla kifayətlənib - 3:3.