[b] 3 qol vursalar...[/b]
06.12.2016 - 16:12
[b] 3 qol vursalar...[/b]

Dekabrın 8-də Avropa Liqasının qrup mərhələsində VI turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, qrupda son matçına çıxacaq “Qarabağ”la “Qəbələ” məhsuldarlıq nümayiş etdirsə, Azərbaycan klublarının qitə miqyaslı yarışlardakı yubiley qolu qeydə alına bilər.

 

Bunun üçün iki klubumuz üst-üstə 3 qol vurmalıdı. Təmsilçilərimiz bunu bacarsa, qitə miqyaslı turnirlərdə 250-ci qolumuzun sevincini yaşayacağıq.

 

Düzdü, hər iki təmsilçimiz “Böyük beşlik” klubu ilə oynayacaq. “Qarabağ” evdə İtaliya “Fiorentina”sını qəbul edəcəksə, “Qəbələ” Almaniyada “Maynts”ın qonağı olacaq. Bu isə onların 3 qol vurmaq ehtimalını aşağı salır. Lakin komandalarımızın ikisinin də qrupdakı məhsuldarlığının 1-dən aşağı olmamağı 3 qol gözləməyə əsas verir.

 

Bu gerçəkləşsə, həmin qol mövsümdə 40-cı, tarixdə 250-ci olacaq. Cari mövsümün 32 matçında 37 top vuran klublarımız indiyədək keçirdiyi 280 oyunda 247 dəfə rəqib qapılarına yol tapıb. Orta məhsuldarlığa gəlincə, cari mövsüm 1,16-ya bərabər olan bu rəqəm ümumilikdə 0,88-di.

 

Qeyd edək ki, Azərbaycan klubları avrokuboklarda 1994-cü ildə debüt edib və 280 oyunu 22 il ərzində keçirib.