[b]“...1:5 hesablı məğlubiyyətin revanşını almaq çox çətindi”[/b]
13.04.2016 - 13:15
[b]“...1:5 hesablı məğlubiyyətin revanşını almaq çox çətindi”[/b]

Dünya çempionatının pley-off mərhələsində Hollandiyanı mübarizədən kənarlaşdıraraq, Kolumbiyada keçiriləcək mundiala vəsiqə qazanan futzal yığmamızın hücumçusu Auqusto Sezarın apasport.az saytına müsahibəsi

 

- Hollandiya ilə ikinci oyun Alemredəki ilə müqayisədə daha çətin keçdi. Səbəbini izah edə bilərsizmi?

- Çütün taleyini, demək olar, səfərdəki oyunda həll etmişdik. İlk matçda qazanılan 5:1 hesablı qələbə mundiala gedən yolun qapısını üzümüzə böyük ölçüdə açmışdı. Cavab oyunu çətin keçdi. Doğma meydanda da azarkeşlərimizə qələbə hədiyyə etmək istəyirdik. Mundiala vəsiqə sevincini qələbə ilə qeyd etmək yaxşı olardı. Ancaq belə alındı. Əsas odu ki, qarşıya qoyulan tapşırığı yerinə yetirdik. Bu münasibətlə komanda yoldaşlarımı, məşqçilərimizi, eləcə də federasiya prezidenti Zaur Axundovu təbrik edirəm.

 

- Azarkeşlər də bu matça xüsusi hazırlaşmışdılar. Ev oyunlarında bu qədər bayraq heç  olmamışdı...

- Onlara təşəkkür edirəm. Bu gün bizi sona qədər dəstəklədilər. Dörd ildi Azərbaycandayam. Bu müddət ərzində Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışıq, UEFA kubokunun “Dördlər finalı”nda oynamışıq. İlk dəfə belə bir uğur qazandıq. Futzal tarixində yeni səhifə açdıq, qalır bunu uğurlu nəticələrlə doldurmaq. Təbii ki, Kolumbiyaya gedən yolda azarkeşlərimizin dəstəyi danılmazdı.

 

- Rəqibin bu gün daha istəkli olması nədən irəli gəlirdi?

- Onlar ilk oyunda məğlub olduqlarından, itiriləsi heç nələri qalmamışdı. Ona görə də çox rahat oynayırdılar. Özləri də bilirdilər ki, 1:5 hesablı məğlubiyyətin revanşını almaq çox çətin, bəlkə də mümkünsüzdü. Çünki bizim komanda çox güclüdü və əla oynayırıq. Həm də ev sahibi komanda adətən təzyiq altında olur. İstəyirsən ki, ilk oyundakı nəticədən asılı olmayaraq, bu dəfə də qələbə qazanasan. Matç ərzində hesabda hər dəfə biz önə keçirdik.

 

- Dünya çempionatında qitələrin ən güclüləri iştirak edəcək. Millimiz üçün debüt uğurlu alına bilərmi?

- Şans hər zaman var. Kolumbiyaya dünyanın güclüləri gələcək. Azərbaycan mundiala vəsiqə qazanıbsa, deməli, biz də güclü komandayıq. Püşkdən də asılı məqamlar var. Çempionata qədər vaxtımız çoxdu. Yaxşı və düzgün hazırlaşmalıyıq.

 

- Hazırkı heyət mundialda yaxşı çıxış etmək üçün yetərlidimi?

- Bu, baş məşqçinin və federasiya rəhbərliyinin səlahiyyətinə daxildi. Pley-off mərhələsi indi başa çatdı. Sentyabra qədər vaxtımız var. Mən dünya çempionatında da komandaya kömək etməyə hazıram.