“Zirə”nin baş məşqçi postundan kənarlaşdırdığı Adil Şükürovun fəaliyyəti 56 matçdan ibarət olub. Apasport.az saytının məlumatına görə, 39 yaşlı çalışdırıcı il yarım öncə təyin olunduğu postda 50 çempionat və 6 kubok görüşündə duruş gətirib.
Topaz Premyer Liqasındakı debüt mövsümündə komandasına gümüş medala qazandıran Şükürov 2 dəfə kubokun 1/4 finalınadək irəliləyib.
Mövsümyarımlıq çempionat karyerasında 50 matçda 21 qələbəyə sevinən Şükürov 14 heç-heçəyə şahid olub. Onun yetirmələri 15 dəfə uduzub. “Zirə” artıq sabiq baş məşqçisi ilə 53 qol vurub, 46-nı buraxıb. Qəsəbə təmsilçisi Şükürovla Premyer Liqada 77 xal toplayıb.
Kubokdakı 6 oyunda isə qələbə və məğlubiyyət sayında tarazlıqdı – hərəsi 3 dəfə. 8 qol vuran zirəlilər 12 dəfə topu qapısında görüb.
Ümumilikdə 56 oyunda 24 qələbənin memarı olan baş məşqçi “25”in həsrətində qalıb. Onun vaxtında 14 heç-heçə və 18 məğlubiyyət də qeydə alınıb. Bu matçlarda 61 qol vuran “Zirə” 58-ni buraxıb.
Qeyd edək ki, “Zirə” cari mövsümdə baş məşqçisini dəyişən 2-ci Premyer Liqa klubudu. İlk belə hadisə Vəli Qasımovu Elxan Abdullayevlə dəyişən “Neftçi”də gerçəkləşmişdi.