[b] “Trabzonspor”, “Kəpəz”, “Neftçi”...[/b]
28.11.2016 - 15:14
[b] “Trabzonspor”, “Kəpəz”, “Neftçi”...[/b]

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi “Trabzonspor” Avropanın ən zəif hücum xəttinə malik komandalarından biridi. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

 

Superliqanın XII turunda “Gənclərbirliyi” ilə qolsuz bərabərə qalan Ərsun Yanalın yetirmələrinin qələbə həsrəti 4 oyuna çatıb. Keçirdiyi 12 matçın 7-də qol üzü görməyən və çempionatda cəmi 7 qola imza atan “bordo-mavililər” bu baxımdan Avropanın ən zəifləri arasındadı. “Trabzonspor” “Akhisar”la yanaşı, “böyük beşlik” ölkələrindəki komandalardan yalnız “Empoli” ilə eyni sayda qol vurub.

 

Bu ölkələrdə (İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa, Türkiyə) 10 qol səddinə çata bilməyən cəmi 7 klub var – “Empoli”, “Hamburq”, “Nansi”, “İnqolştadt”, “Nant”, “Trabzonspor”, “Akhisar”.

 

Mövsümə Hyun-Jun Suk, Muhammet Dəmir, Fabian Kastilyo, Dame Ndoye və Ramil Şeydayev kimi hücumçularla başlayan Qara dəniz təmsilçisinin 7 qolundan yalnız biri ön xətt oyunçusunun aktivindədi.

 

Maraqlıdı ki, Azərbaycan Premyer Liqasında da 10 qol səddinə çatmayan komandalar var. Bunlar “Kəpəz”, “Neftçi” və AZAL-dı. Sonuncular 13 turda vurduqları 5 qolla qitənin ən az fərqlənən komandalarından biridi.

 

Qeyd edək ki, “böyük beşlik” ölkələrindən “Empoli”nin aktivində 7, “Hamburq”, “Nansi”də 8, “İnqolştadt” və “Nant”da isə 9 qol var. “Akhisar” 7, təmsilçilərimizdən “Kəpəz” və “Neftçi” isə rəqib qapılarından 9 top keçiriblər.