Topaz Premyer Liqasının XXVIII turunda “Qarabağ”la qarşılaşacaq “Xəzər Lənkəran” matça itkilərlə çıxa bilər. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” Ağdam klubu ilə oyunöncəsi heyətlə bağlı problemlə üzləşiblər.
Belə ki, “Sumqayıt”la çempionat görüşünü buraxan Vüqar Bəybalayevin “Qarabağ”la matçda oynayıb-oynamayacağı sual altındadı. Həkimlər məşqdə dizindən xəsarət alan yarımmüdafiəçinin zədəsini sağaltmağa çalışırlar. Bununla belə, Bəybalayevin bazar günü meydana çıxmamaq variantı da istisna deyil.
“Xəzər Lənkəran”ın daha bir futbolçusu sıradan çıxıb. Söhbət qış fasiləsində komandaya cəlb olunan Vaquf Güləliyevdən gedir. “Sumqayıt”la matçda zədələnən gənc futbolçu fasilədə əvəzlənmək məcburiyyətində qalmışdı. Tibbi müayinədən keçdikdən sonra Vaqufun dabanından zədələndiyi məlum olub. Vüqar Bəybalayev kimi, onun da “Qarabağ”la matçda iştirakı sual altındadı.
Qeyd edək ki, 27 turdan sonra aktivində 14 xal olan “Xəzər Lənkəran” turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.