[b]“Adamyeyən” Foqts Almaniya futbol tarixinin simvolik “11-liy”ində[/b]
27.01.2016 - 11:02
[b]“Adamyeyən” Foqts Almaniya futbol tarixinin simvolik “11-liy”ində[/b]

Almaniya futbol tarixinin ən güclü “11-liy”i müəyyənləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, siyahıya Azərbaycan futboluna tanış olan bir sima da salınıb.

 

Söhbət yığmamızın sabiq baş məşqçisi Berti Foqtsdan gedir. Almanlar bütün dövrlərin ən güclü mərkəz müdafiəçisi kimi onunla Frans Bekkenbaueri göstəriblər. Futbolçu karyerası ərzində yalnız Mönhenqladbax “Borussiya”sının formasını geyinmiş Foqts 1974-cü ildə Qərbi Almaniya yığmasının dünya çempionu olmasında əsas pay sahiblərindən biri olub.

 

Almaniyalı həmkarlarımız millimizin sabiq çalışdırıcısının futbolçu vaxtında çox aqressiv olduğunu və bu xüsusiyyətinə görə, həm rəqib oyunçuları, həm də komanda yoldaşlarını bezdirdiyini qeyd ediblər. Hətta komanda yoldaşları ona “adamyeyən” ləqəbi də qoşublarmış.

 

13 yaşında valideynlərini itirən və dayısı ilə xalasının himayəsində böyüyən Foqts bəstəboy olmasına və müdafiənin mərkəzində çıxış etməsinə baxmayaraq, tez-tez hücumlara qoşulması və qol vurması ilə də diqqət çəkən oyunçu olub.

 

Hazırda karyerasını davam etdirən futbolçular arasında Filipp Lam və Miroslav Kloze də simvolik heyətə daxil edilib. Almanlar Harald Şumaxer, Mixael Ballak, Yurgen Klinsmann, Karl-Haynz Rummenigge, Tomas Hessler və Bastian Şvaynştayger kimi öz dövrünün ulduzlarını rəmzi komandaya ehtiyat oyunçular kimi göstəriblər.

 

Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan yığmasını çalışdırıb.

 

Almaniya futbol tarixinin simvolik “11-liy”i:

Qapıçı: Oliver Kan

Müdafiəçilər: Filipp Lam, Frans Bekkenbauer, Berti Foqts, Pol Braytner

Yarımmüdafiəçilər: Frits Valter, Lotar Matteus, Mattias Zammer, Günter Netser

Hücumçular: Herd Müller, Miroslav Kloze

Baş məşqçi: Helmut Şon