Avropa Liqasının II təsnifat mərhələsinin “Admira” – “Kəpəz” matçının baş hakimi olacaq Pavle Radovanoviç Azərbaycan futboluna tanış simadı. Apasport.az saytının məlumatına görə, monteneqrolu referi əvvəllər də təmsilçilərimizin oyunlarına təyinat alıb.
Avqustda 41 yaşını tamamlayacaq Radovanoviç buna qədər yığma və klub səviyyəsində 3 dəfə komandalarımızın görüşündə ədaləti qoruyub.
Radovanoviçin yolu Azərbaycan təmsilçiləri ilə ilk dəfə 2008-ci il, martın 25-də kəsişib. 21 yaşadək futbolçulardan ibarət yığmamızın seçmə mərhələ çərçivəsində İtaliya ilə keçirdiyi matçda məhz o, ədalət qoruyucusu olub. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İtaliyalılardan hər iki qola Cüzeppe Rossi imza atıb.
2010-cu ildə isə monteneqrolu referi 2 dəfə Azərbaycan təmsilçiləri ilə rastlaşıb. İyulun 1-də Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində Moldovada keçirilmiş “Olimpiya” – “Xəzər Lənkəran” görüşünü Radovanoviç idarə edib. Həmin qarşılaşmada hesab açılmayıb.
Elə həmin il, oktyabrın 10-da dünya çempionatının seçmə mərhələsi çərçivəsində millimizin Lixtenşteynlə səfərdə keçirdiyi oyunda da söz sahibi Radovanoviç olub. Yığmamız onun idarə etdiyi görüşdən 2:0 hesablı qalibiyyətlə ayrılıb. Bu görüşdə monteneqrolu referi səhvlə yadda qalıb. Belə ki, o, matçın gedişində Elnur Allahverdiyevi 88-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırsa da, rəsmi protokolda vərəqəni Rəşad Sadiqovun adına yazmışdı. Ancaq bunu araşdıran FİFA rəsmi saytında düzəliş edərək, Sadiqovu “sarı”dan xilas etmişdi.
Təxminən 1 il sonra, daha dəqiq desək, 2011-ci il, oktyabrın 6-da Radovanoviç bu dəfə 19 yaşadək futbolçulardan ibarət yığmamızın görüşünə təyinat alıb. Vəli Qasımovun başçılıq etdiyi komandanın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsveçlə keçirdiyi oyunda da monteneqrolunun ayağı düşərli olub. Belə ki, yığmamız Amil Yunanovun yeganə qolu sayəsində skandinaviyalılar üzərində sürpriz qələbə qazanıb.
Qeyd edək ki, Pavle Radovanoviç 2008-ci ildən FİFA referisi adını daşıyır.