Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin legioner həyatı qısa sürəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Kipr mətbuatı yayıb.
Həmkarlarımızın iddiasına görə, hazırda icarə əsasında “Anortosis”də çıxış edən 26 yaşlı futbolçu Kipr təmsilçisinin gələcək planlarına daxil deyil. Buna səbəb kimi onun transfer qiyməti göstərilir.
Məsələ burasındadı ki, “Anortosis”lə oyunçunun müqavilə ilə məxsus olduğu “Qəbələ” klubu arasındakı anlaşmada yer alan bəndə əsasən, kiprlilər yayda 150 min avro ödəməklə Abdullayevin transfer vərəqəsinə sahib çıxa bilərlər. Ancaq milli üzvünün mövsümün əvvəlindəki uğurlu çıxışını davam etdirməməsi Famaqusta təmsilçisinin onunla bağlı fikrini dəyişdirib. Yazıda “Anortosis”in transferdən artıq imtina etdiyi və Abdullayevin mövsümün sonunda Azərbaycana qayıdacağı vurğulanıb.
Qeyd edək ki, Araz Abdullayevin “Qəbələ” ilə müqavilə müddəti 2019-cu ilin yanvar ayına qədərdi.