“İnter” klubunun prezidenti Rəşad Qasımovun apasport.az saytına müsahibəsi
- UEFA tərəfindən bir mövsümlük avrokuboklardan kənarlaşdırılma cəzası aldınız. Bu qərarı gözləyirdinizmi?
- Səhv etmirəmsə, yanvarın ortalarında sizinlə danışanda demişdim ki, Avrokubokda iştirak vacib deyil, əsas odu klub yaşasın. Buna da nail olduq. Yanvarın 31-dək borcların hamısını ödəsəydik, hazırda klub bərbad vəziyyətdə qalacaqdı. Avrokubokda oynamağa nə vəsaiti olacaqdı, nə də sponsorun dəstəyini alacaqdı. Ancaq borcların, demək olar ki, hamısını bağladıq. Hamı ilə ortaq məxrəcə gələ bildik. Ümumi məbləğin hansısa bir hissəsini verib borclarımızı bağladıq. Əsas odu ki, dövlətin puluna qənaət etmişik.
- Cəza almamaq üçün çox çalışdınız, futbolçularla anlaşmağa çalışdınız. Düşünmürsüz ki, UEFA çəkdiyiniz əziyyəti nəzərə almalı idi?
- Bilirsiz, biz mütləq Avrokubokda oynamağa yox, klubun yaşaması üçün çalışdıq. Avrokuboklar da həyatın bir anıdı. Orda gələn il də oynaya bilərik.
- Belə çıxır ki, bu mövsüm Avrokuboku klubun yaşamasına qurban verdiniz?
- Bəli, klubun fəaliyyətini davam etdirməsi üçün Avrokuboku qurban verdik. Bunun başqa izahı yoxdu. Bir daha qeyd edirəm, yanvarın 31-dək 4 nəfərin borcunu versəydim, bütün futbolçuların vəsaitlərini tam şəkildə ödəməliydim. Bu da inanılmaz məbləğ idi. Ancaq biz ümumi borcun 50 faiz aşağı salınmasına nail olduq. Bu isə nəinki bir mövsümə, hətta iki mövsümə də dəyərdi.
- Yəqin ki, bu mövsüm medalçılar sırasına düşüb, avrokuboklardakı cəzanı çəkmək istəyəcəksiniz...
- Əvvəlcədən niyyətimiz elə budu. Avrokubokda iştirak edib-etməməyimizdən asılı olmayaraq, medalçılar sırasına düşmək istəyirik ki, hər şey elə bu mövsüm bağlansın.
- Komandanızın medalçılar sırasına düşmək şansını necə dəyərləndirirsiz?
- Kifayət qədər oyun var. Hələ bir dövrə qalır. Hesab edirəm ki, bir dövrə ərzində medalçılar sırasına düşmək olar. Hazırda üçüncü pillədəki komandadan 1, ikinci yerdəkindən isə 6 xal geridəyik. Bu fərqi aradan qaldırmaq mümkündü.
- Avrokuboka vəsiqə qazansanız belə, gələn mövsüm orda iştirak etməyəcəksiniz. Əcnəbi futbolçuların yayda komandadan gedişini gözləmək olarmı?
- Qərar hələ dünən qəbul olunub. Bununla bağlı oturub söhbət etmək, məsləhətləşmək lazımdı. İndidən nəsə demək çətindi. Nəyisə dəyişmək lazım olacaq. Çünki Avrokubokda iştirak etməsək, növbəti mövsümə hazırlaşmaq üçün daha çox vaxtımız olacaq. Komandanın heyəti ilə bağlı yenidən düşünmək olar.
- İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək üçün 10 gün vaxtınız var. Bu yöndə çalışmalar nə yerdədi?
- Qərar hələ dünən açıqlanıb. Bununla bağlı düşünüb yekun qərar hazırlamalıyıq.
- Adətən CAS UEFA-nın və FİFA-nın verdiyi qərarı təsdiqləyir. Siz nəyə ümid edirsiniz?
- Biz bunu gərək götür-qoy edək. CAS-a çəkilən xərcləri nəzərə alsaq, bəlkə də, həmin vəsaiti ora yönəltməkdənsə, kluba yönəltsək, daha faydalı olar. Bu tək mənim qərarımla olmur. Klubun səhmdarları, Müşahidə Şurası var. Hamısı orda müzakirə olunacaq.
- Belə başa düşdüm ki, CAS-a müraciət etməyəcəksiz...
- Hələ bəlli deyil. Bəlkə heç müraciət olunmadı.
Ruslan SADIQOV