[b]“Avropa çempionatında iştirak etmək xoşbəxtlikdi”[/b]
10.05.2016 - 09:50
[b]“Avropa çempionatında iştirak etmək xoşbəxtlikdi”[/b]

“Yığmanın heyətində Avropa çempionatında iştirak etmək və millinin kapitanı olmaq xoşbəxtlikdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şotlandiyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının üzvü Layam Bart deyib.

 

Bakıda keçirilən U-17-lərin Avropa çempionatında yığmamızla eyni qrupda çıxış edən şotlandiyalılar ilk 2 görüşdə xal üzünə həsrət qalıblar. Belçika və Portuqaliyaya uduzan Britaniya təmsilçisi qrupdakı son matçını sabah Azərbaycana qarşı keçirəcək.

 

Avropa çempionatı ilə bağlı ölkəsinin mətbuatına fikirlərini bölüşən Bart turnirin hər bir futbolçuya özünü göstərmək üçün yaxşı imkan yaratdığını bildirib: “Yığmada kapitan olmaq çətindi. Bu, əlavə problemlər yaradır. Ancaq mənə həmin problemlərlə qarşılaşmaq xoşdu. Avropa çempionatı həmyaşıdlarınla mübarizədə özünü yoxlamaq üçün əla məkandı. Sübut etməlisiz ki, müxtəlif oyun tərzlərinə malik komandalara qarşı oynaya bilirsiz. Avropa çempionatında oyunlar arasında cəmi 2 gün istirahət olur. Odu ki, yaxşı hazırlaşmaq, düzgün qidalanmaq və istirahət etmək lazımdı. Güclü məşqçimiz var və o, komandadakı hər bir oyunçuya güvənir”.