[b]“AZAL-ın adını çoxdan dəyişmək istəyirdik”[/b]
22.05.2017 - 11:45
[b]“AZAL-ın adını çoxdan dəyişmək istəyirdik”[/b]

“Şüvəlan” klubunun (sabiq AZAL) vitse-prezidenti Fikrət Hüseynovun apasport.az saytına müsahibəsi

 

- Əvvəlcə yayılan bəyanatda AZAL klubunun fəaliyyətini dayandırdığı bildirildi. Bir neçə gün sonra isə yeni bəyanatda klubun dağılmadığı, bundan sonra “Şüvəlan” adı ilə yaşayacağı müəyyənləşdi. Fikrinizi dəyişməyinizə nə səbəb oldu?

- Əsasnaməyə görə, sonuncu yeri tutduğumuz üçün I diviziona düşdük. Klubun fəaliyyətini dayandırıb-dayandırmamağı müzakirə olunmalı idi. Yekunda rəhbərlik belə qərara gəldi ki, I divizionda iştirak edək. İnşallah, növbəti mövsümdə komanda “Şüvəlan” adı altında təmsil olunacaq.

 

- Klubun adının dəyişdirilməsi adətən borclarla bağlı olur. Sizin bu addımı atmağınızın səbəbi nədi?

- Bizim klubun heç kimə borcu yoxdu. Əslində, klubun adını çoxdan dəyişmək istəyirdik, amma fürsət düşmürdü.

 

- Belə bir söz-söhbət də yayıldı ki, guya sponsor klubu maliyyələşdirməkdən imtina edib. Buna görə də, komandanın adı dəyişdirilib...

- Onsuz da, bu gün “Şüvəlan” klubuna “Silk Way” aviaşirkəti sponsorluq edir. Yəni, sponsor imtina etməyib.

 

- AFFA sizə maddi yardım göstərəcəkmi?

- Xeyr. Bununla bağlı heç bir danışıq olmayıb.

 

- “Şüvəlan” I divizionda yenidən Premyer Liqaya qayıtmaq niyyəti ilə çıxış edəcək, yoxsa bunu gözləməyə dəyməz?

- Əlbəttə ki, məqsədimiz gələn il Premyer Liqaya qayıtmaqdı. Başqa cür ola da bilməz. İnanıram ki, komandada o potensial olacaq.

 

- Tərlan Əhmədovun I divizionda çıxış edəcək “Şüvəlan”ın baş məşqçisi postunda qalıb-qalmayacağı dəqiqləşib?

- Hər şey bu həftə ərzində rəhbərliklə müzakirə olunacaq və həm idarəçilik, həm baş məşqçi, həm də futbolçu məsələsinə aydınlıq gələcək, kimlərin qalıb, kimlərin gedəcəyi dəqiq bilinəcək. Onu deyim ki, biz Tərlan Əhmədovun qalmasını istərdik. Amma özündən də çox şey asılıdı. Ola bilsin ki, ayrı məbləğ olsun, bundan əlavə, imic və başqa məsələlər var.

 

- Klub tərəfindən yayılmış birinci bəyanatda bazanın “Zirə”yə veriləcəyi bildirilmişdi. Komandanın fəaliyyətini davam etdirəcəyi müəyyənləşəndən sonra bu fikrinizdən vaz keçməmisiniz?

- Klublarımızın rəhbərləri çox yaxın insanlardı. Baza həyatını yaşaması, inkişaf etməsi üçün “Zirə” tərəfindən də istifadə oluna bilər. Təbii ki, klub rəhbərlərinin qarşılıqlı razılığı əsasında.