“Cəmi 1 legionerlə bura gəlmişdik. Əsasən daxili çempionatda çıxış edən futbolçularla oynadıq. 5-6 legionerimiz gələ bilmədi. Çünki onların oynadıqları çempionatlar davam edir”. Apasport.az saytının məlumatına görə, bunu Qırğızıstan millisinin kapitanı Kursanbek Şeratov deyib.
Azərbaycan yığmasının 3:0 hesabı ilə qalib gəldiyi yoldaşlıq görüşünü dəyərləndirən futbolçu yığmamızın ünvanına tərif yağdırıb: “Çox gözəl stadionunuz var. Bizə burda oynamaq imkanı yaradıldığı üçün təşəkkür edirəm. Azərbaycan qonaqpərvər ölkədi, buna görə, minnətdaram. Amma 3 top bizim üçün çox oldu. Yaxşı hazırlaşmışdıq. Lakin Azərbaycan çox güclü, möhkəm komandadı. Olduqca sürətli futbol göstərir. Fikrimcə, rəqibə qarşı layiqli çıxış etdik. Sadəcə, ilk iki qolu standart vəziyyətdən buraxdıq”.
Şeratov yığmamızı Asiya qitəsində çıxış edən 2 komanda ilə müqayisə edib: “Azərbaycanı Asiyada İranla və Çinlə müqayisə etmək olar. Demək olar ki, eyni səviyyədədilər”.
Qırğızıstan yığmasının kapitanı Topaz Premyer Liqasında oynamaq arzusunu da gizlətməyib: “Azərbaycanda “Qarabağ”, “Qəbələ” kimi komandalar Çempionlar Liqasında, Avropa Liqasında iştirak edirlər. Heyətlərində yerli oyunçular var və sürətli futbol sərgiləyirlər. Çempionatınızın səviyyəsi də yüksəkdi. Klublarınızda yaxşı braziliyalılar var. Əlbəttə ki, belə çempionatda oynamağı çox istərdim”.