[b]“Azərbaycan müdafiədə oturub gözləyəcək” [/b]
11.10.2016 - 16:22
[b]“Azərbaycan müdafiədə oturub gözləyəcək” [/b]

Çexiya yığması bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini qəbul edəcək. Apasport.az saytı xəbər verir ki, qarşılaşma öncəsi yerli mətbuata müsahibə verən çexlərin hücumçusu Patrik Şik bugünkü qarşılaşma barədə maraqlı fikirlər səsləndirib.

 

- Baş məşqçi Karel Yarolimin iki hücumçuya şans verməsi gözlənilir. Belə olarsa, sizi ilk dəqiqələrdən meydanda görə bilərikmi?

- Bu hələ bilinmir. Doğrudu, iki hücumçu ilə oyuna başlamaq variantı var. Ancaq baş məşqçi hələ heyəti açıqlamayıb. Görək, Karel Yarolim hansı qərarı verəcək.

 

- Rəqib iki oyunda 6 xal toplayıb. Onları bu gün dayandıra biləcəksinizmi?

- Açığını deyim ki, Azərbaycan yığmasından seçmə mərhələyə belə start gözləmirdim. Gözlənilməz də olsa, fakt odu ki, onların aktivində 6 xal var. Azərbaycan millisi olduqca sadə sistemlə oynayır. Rəqibin hücumlarının qarşısını almağa və əks-hücumdan nəsə etməyə çalışırlar. Bu, sadə taktikadı, amma səbrli oynamalı və çox ehtiyatlı olmalıyıq.

 

- Üç gün öncə Almaniya (0:3) ilə matçda müdafiə olunmağa məcbur idiniz. Amma bu dəfə hücum edən, təzyiq göstərən tərəf olacaqsınız. Buna hazırsınızmı?

- Doğrudu, bu dəfə yaradıcı futbol oynamaq məcburiyyətindəyik. Bu gün hücum xəttinin üzərinə daha böyük iş düşəcək. Yəqin ki, ön xətdə çıxış edəcək futbolçularımız rəqibə təzyiq göstərəcək. Məsuliyyətdən qaçmırıq. Yüksək səviyyəli hücumçularımız var. Deməli, komandamıza etibar etmək olar. Hər kəs öz üzərində düşəni maksimum dərəcədə etməlidi. Almaniya ilə görüşdə olduğu kimi. Düzdü, indi bizi tam fərqli oyun gözləyir. Və fərqli çıxış etməli olacağıq. Azərbaycan millisi Norveçlə oyunda olduğu kimi, müdafiədə oturub gözləyəcək. Bunu çox gözəl bilirik. Rəqib bunu bacardığını artıq göstərib.

 

- Rəqibin bu cür müdafiə xəttini yarmaq çətin olmayacaq?

- Bu, xüsusi hazırlıqdı. Onların nə dərəcədə müdafiədə qalacaqlarını bilmirəm. Amma bizim bu sistemə qarşı necə oynayacağımızı deyə bilmərəm. Özümüzü müxtəlif vəziyyətlərə hazırlamışıq. Təbii ki, bəzi epizodlarda kimsə oyunu üzərinə götürə və intuisiya ilə hərəkət edə bilər. Futbolçuların ustalıq səviyyəsindən də çox şey asılıdı.

 

- Qrupdakı vəziyyəti düzəltmək üçün qələbədən başqa yolunuz yoxdu. Bu amil sizə psixoloji cəhətdən mənfi təsir göstərmir?

- Elə vəziyyət yaranıb ki, üzərimizdə təzyiq hiss etməməyimiz mümkün deyil. Bəli, təzyiq altındayıq, amma ayaqlarımızı bağlaya bilməzlər. Bilirik ki, oyuna başdan sona qədər nəzarət etmək lazımdı. Qrup ikinciliyi uğrunda mübarizədə yerimizi möhkəmlətməliyik. Bu səbəbdən meydana yalnız 3 xal üçün çıxacağıq.