“Karyeramda daha çox uğur qazana bilərdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan çempionatında çıxış etmiş yunanıstanlı hücumçu Dimitris Sialmas deyib.
2012-2013 mövsümündə “Xəzər Lənkəran”ın formasını geyinmiş 30 yaşlı forvard karyerasını yenidən ölkəsində davam etdirir. Yayda “Panaxaiki” klubu ilə anlaşan Sialmas bu klubda sözünü demək fikrindədi.
Yunanıstan mətbuatına danışan Dimitris legioner karyerasının uğurlu alınmamağından bəhs edib: “AEK-dən ayrıldıqdan sonra karyeramı ölkə xaricində davam etdirməyə qərar verdim. Azərbaycana yollandım. Bu, mənim üçün yaxşı təcrübə oldu. Amma çətin idi, çünki istədiyim oyun ritmini tuta bilmirdim. Daha sonra Rumıniyaya getdim. Lakin ordakı karyeram da çox çəkmədi. Rumıniya Futbol Federasiyası ilə problemim yaranmışdı, buna görə də, İsveçə üz tutdum. Ancaq yenə də işlərim istədiyim kimi getmədi, komanda mənim futbol fəlsəfəmə uyğun gəlmədi. Yunanıstana qayıtmaq istəyirdim. İstəyimin həyata keçməsi məni sevindirdi. “Panaxaiki”də sözümü deyəcəyimə inanıram”.