[b]“Azərbaycana məğlub yollanmağımız...” – Conni Evans[/b]
08.06.2017 - 15:41
[b]“Azərbaycana məğlub yollanmağımız...” – Conni Evans[/b]

“Futbolçularımızda elastikliyin olması çox yaxşı haldı. Çünki bəzən buna ən yaxşı səviyyədə ehtiyac duyulur”. Apasport.az saytının məlumatına görə, bunu Şimali İrlandiya yığmasının müdafiəçisi Conni Evans deyib.

 

Britaniya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Azərbaycan millisinin qonağı olacaq.

 

Qarşılaşma öncəsi yerli mətbuata açıqlama verən 29 yaşlı futbolçu komandasının oyun sistemindən danışıb. O, millimiz önünə Yeni Zelandiya ilə iyunun 2-də keçirdikləri yoldaşlıq görüşündəki taktika ilə çıxmalarının daha xeyirli ola biləcəyini düşünür: “Yeni Zelandiya ilə son yoldaşlıq görüşünə 3-5-2 ilə başlasaq da, matçın gedişində baş məşqçi 4-4-2 sxemini də sınadı. Onil komandanın oyununa uyğun olaraq sistemi sürətli şəkildə dəyişə bilir. Şəxsən mənim 3 müdafiəçi ilə oynamaq xoşuma gəlir. Belədə həmin 3 müdafiəçidən cinahdakılar bəzən daha çox qaçmalı olurlar. İki mərkəz müdafiəçisi ilə çıxış etdiyin zaman isə irəli çıxa bilmirsən, geridə qalmalı olursan”.

 

“Vest Bromviç”in futbolçusu Şimali İrlandiya yığmasındakı mərkəz müdafiəçilərinin hazırkı durumundan da bəhs edib. Onun fikrincə, Aron Hyuz və Qaret Makauli 37 yaşlarının olmasına baxmayaraq, hələ də yüksək səviyyədə çıxış edə bilirlər: “Hyuz Yeni Zelandiya ilə matçda millidə 105-ci matçına çıxdı və necə oynadığını hamı gördü. O, bir növ digər müdafiəçimiz Qaret Makauliyə oxşayır. Hər ikisi yaşının çoxluğuna baxmayaraq, atletik və gənclərə nümunədi. O ki qaldı Tom Flanaqana, onun oyunundan çox xoşum gəlir. Topla yaxşı davranır və rəqib pressinq tətbiq edəndə özünü itirmir. Yeni Zelandiya ilə matçı da yüksək səviyyədə keçirdi”.

 

“Mançester Yunayted”in yetirməsi Yeni Zelandiya üzərində qələbənin (1:0) millimizlə matçda köməklərinə çatacağını düşünür: “Azərbaycana məğlub yollanmağımız çox pis olardı. Bu üzdən Yeni Zelandiya üzərində qələbənin önəmi böyükdü. Heyətdə bir neçə dəyişiklik edildiyindən, tempi tutmaq çətin idi. Ancaq uşaqlar bunun üçün əllərindən gələni etdilər. Oyunumuzu təhlil edib, onu mükəmməlləşdirməyin yollarını axtaracağıq”.

 

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya oyunu Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək.