“Qazaxıstan klubuna keçidimə qədər karyeramın ən vacib hadisəsi Azərbaycanda çıxışım olub”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstanın “Okjetpes” klubunun futbolçusu Risto Ristoviç deyib.
28 yaşlı serbiyalı yarımmüdafiəçi yeni yollandığı ölkənin mətbuatına müsahibə verib. 2013-15-ci illərdə “Bakı”nın şərəfini qoruyan Ristoviç vətənindən kənarda karyerasının alınmasında Azərbaycanın rolunu vurğulayıb: “Bu, mənim ölkə xaricindəki ilk təcrübəm idi. Onadək mən həmişə evdə oynamışdım. “Bakı”dakı təcrübə çox yaxşı oldu. Başqa ölkədə necə oynadıqlarını, legionerlərin necə çıxış etdiyini gördüm. Bu da mənə gələcək karyeramda lazım olacaq”.
Ristoviç “Neftçi”nin sabiq qapıçısı, həmyerlisi Saşa Stamenkoviçin məsləhətindən də faydalandığını bildirib: “Okjetpes”ə keçidimə gəlincə, agentim mənə belə variant haqda dedi. Bu klubda serbiyalı futbolçunun olduğunu bildiyimdən qapıçı Saşa Stamenkoviçə zəng vurdum. O da klub haqda çox yaxşı sözlər dedi. Mən də düşünmədən Qazaxıstana yollandım”.
Qeyd edək ki, Ristoviç “Bakı”dan sonra Yunanıstanda AEL, Serbiyada “Vojdovaç”ın şərəfini qoruyub.