[b]“Azərbaycanda penalti qərarından sonra qucaqlaşma”[/b]
30.01.2017 - 16:28
[b]“Azərbaycanda penalti qərarından sonra qucaqlaşma”[/b]

Azərbaycan Premyer Liqasının XV turunda keçirilən “Qarabağ” – “Neftçi” matçındakı hakimlik təkcə ölkə daxilində mübahisə mövzusu olmayıb. Apasport.az saytının məlumatına görə, Ukrayna mətbuatı həmin qarşılaşmadakı hadisələri gündəmə gətirib.

 

Belə ki, isport.ua saytı matçın baş hakimi Ramil Diniyevin verdiyi qərarlara toxunub. Onun “Neftçi”nin qapısına təyin etdiyi penalti qərarının mübahisəli olduğunu bildirən həmkarlarımız “Azərbaycanda penalti qərarından sonra qucaqlaşma” başlıqlı yazıda “Qarabağ”ın əleyhinə olan 11 metrlik zərbənin göstərilməməyini də referinin passivinə yazıblar.

 

Ukraynalıları ən çox təəccübləndirən isə “Qarabağ”ın hücumçusu Ağabala Ramazanov olub: “Oyunun ən maraqlı epizodu qonaqların qapısına penalti qərarı verildikdən sonra “Qarabağ” oyunçusunun etdiyi hərəkət oldu. Bir müddət əvvəl “Neftçi” ilə anlaşan, lakin “Qarabağ”a transfer olunan Ağabala Ramazanov mübahisəli penalti qərarından sonra hakimi qucaqlayıb”.

 

Saytın əməkdaşı baş hakim Ramil Diniyevin “Qarabağ”ın futbolçusu Coşqun Diniyevin əmisi oğlu olduğunu da maraqlı fakt kimi vurğulayıb.

 

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” görüşü 1:1 hesabı ilə nəticələnib.