“Şürrlenin milli komandadakı son oyunu bizi çox sevindirdi. Həm də klubumuzun gələcəyi üçün ümidləndik”. Apasport.az saytının məlumatına görə, bunu Dortmund “Borussiya”sının idman direktoru Mixael Çork deyib.
DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin qonağı olan Almaniya yığması 4:1 hesablı qələbəyə sevinib. Qarşılaşmanın qəhrəmanı olan Dortmund “Borussiya”sının üzvü Andre Şürrle 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Klubunun heyətində meydanda az olmasına baxmayaraq, yığmasında sərgilədiyi yüksək səviyyəli çıxış dortmundluları sevindirib. Çork yerli mətbuata açıqlamasında ulduz futbolçudan “Borussiya” forması altında da eyni oyunu tələb etdiklərini bildirib: “Biz Şürrleni yarım mövsümlük almamışıq. Hücum xəttimizdə rəqabət çox güclüdü. Andre də “Borussiya”nın əsas heyətində yer almaq istəyirsə, bütün gücü ilə mübarizə aparmalıdı. Ümid edirəm ki, Almaniya yığmasının heyətində Azərbaycanla görüşdəki möhtəşəm çıxış onda özünəinamı artırar, əlavə ruh yüksəkliyi verər. Ondan Azərbaycanla matçdakı yüksək səviyyəli oyunu “Borussiya”nın heyətində də sərgiləməsini gözləyirik”.
Qeyd edək ki, Andre Şürrle bu mövsüm Bundesliqada 15 matçda iştirak edib ki, bunun 8-də start heyətində yer alıb. Onun aktivində 2 qol və 3 məhsuldar ötürmə var.