“Məqsədimiz Avropa çempionatının qalibi olmaqdı. Bunun üçün isə ilk növbədə qrupdan çıxmaq, növbəti mərhələyə adlamaq lazımdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliyanın U-17 yığmasının futbolçusu Dioqo Queyroş deyib.
Gələn ay ölkəmizdə keçiriləcək 17 yaşadək futbolçuların Avropa çempionatında Portuqaliya da iştirak edəcək. Pireney təmsilçisi A qrupunda Azərbaycan, Belçika və Şotlandiya yığmaları ilə mübarizə aparacaq.
Ölkəsinin mətbuatına açıqlama verən portuqalların kapitanı Queyroş iddialı danışıb. O, Bakıya yarışın qalibi olmaq üçün gələcəklərini bildirib: “Avropa çempionatına yaxşı hazırlaşırıq. Hədəfimizə çatmaq üçün əlimizdən gələni edəcəyik. Komandamızın qiymətli olduğunu göstərmək istəyirik”.
Portuqaliya turnirin final mərhələsində ilk oyununu mayın 5-də yığmamıza qarşı keçirəcək. Bu görüşlə də bağlı fikirlərini bölüşən Queyroş meydana qələbə üçün çıxacaqlarını qeyd edib: “Baş məşqçimiz deyir ki, birinci oyundan mütləq 3 xalla ayrılmaq lazımdı. Turnirə yaxşı start vermək mühüm rol oynayır. Bunu bacarsaq, ardı gələcək. Biz ən güclü olmalıyıq. Bütün gənc futbolçular məşqçinin etimadını qazanmaq üçün özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar”.
Qeyd edək ki, mayın 5-də start götürəcək Avropa çempionatı ayın 21-də başa çatacaq.