“Bakı” gələn mövsüm Premyer Liqada çıxış etmək niyyətindədi. Apasport.az saytının məlumatına görə, “zolaqlılar” bununla bağlı AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə şikayət edib.
Lisenziyalaşdırma Komissiyasının mayın 9-da keçirdiyi iclasda “Bakı”, “Qaradağ Lökbatan”, “Neftçala”, “Rəvan”, “Şuşa Qarabağ”, və “Turan Tovuz”a Premyer Liqada iştirak üçün lisenziya verməmişdi. Həmin vaxt adıçəkilən klublara apellyasiya şikayəti üçün 10 gün vaxt vermişdi.
Maraqlıdı ki, bu gün müraciət üçün son gündü. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu saytımıza açıqlamasında qoyulan möhlətin başa çatmasına bir neçə saat qalmış “Bakı” klubunun sənədlərini təqdim etdiyini bildirib. O əlavə edib ki, hələlik başqa heç bir rəsmi müraciət edilməyib və klubların bunun üçün günün sonuna qədər vaxtları var.