[b]“Banişevskinin vurduğu qollarla çox adam vəzifədə oturub” - MÜSAHİBƏ[/b]
23.02.2016 - 12:53
[b]“Banişevskinin vurduğu qollarla çox adam vəzifədə oturub” - MÜSAHİBƏ[/b]

Azərbaycan tarixinin ən böyük futbolçusu olan, mərhum  Anatoli Banişevskinin bu gün 70 yaşı tamam olur. Apasport.az saytının məlumatına görə, onunla çiyin-çiyinə oynamış futbolçulardan biri də Şakir Qəribov olub.

 

1975-1978-ci illərdə “Banya” ilə “Neftçi”də birgə çıxış etmiş Qəribov 1988-ci ildə “Kəpəz”də onun rəhbərliyi altında oynayıb. Biz də Banişevski ilə bağlı xatirələrini bölüşməsi üçün Şakir Qəribova müraciət etdik.

 

 

“İnsanlığı futbolçu karyerasından da üstün idi”

 

- Anatoli Banişevski xatirənizdə necə qalıb?

- Banişevski mənim xatirəmdə təbii ki, ancaq yaxşı qala bilər. O, böyük usta idi. Bütün dünyada tanınırdı. Yüksək sürətə, texnikaya malik futbolçu idi. Onun etdiyi hərəkətləri tək-tük futbolçular təkrarlaya bilərdilər. Start sürəti möhtəşəm idi. Rəqibin cərimə meydanında özünə əla yer seçərdi. Cərimə meydanına ötürülən topların 80-85 faizini zərbə ilə tamamlayardı.

 

- Bir insan kimi hansı özəllikləri ilə seçilirdi?

- Onun insanlığı futbolçu karyerasından da üstün idi. Düzgünlüyü sevən, təmiz, dediyi sözün ağası olan adam idi. İnsanlara müsbət enerji verirdi. Heç kimi aldatmazdı, insanlara bacardığı qədər kömək edərdi. Həddən artıq sadə idi. İndi belə sadə insan azdı.

 

 

“Biri çətinə düşən kimi, onu vəziyyətdən çıxarırdı”

 

- Banişevski ilə bir komandada oynamağın nə kimi çətinlikləri olub?

- Allah mənə onunla bir yerdə oynamağı qismət etdiyi üçün sevinirəm. Onu çiynində meydandan çıxaranlardan biri də mən olmuşam. Bununla fəxr edirəm. Bir yerdə oynayanda heç bir çətinlik hiss etmirdik. Top səndə olanda görürsən ki, irəlidə əla mövqedə ötürmə istəyir. Komanda yoldaşlarından biri çətin vəziyyətə düşən kimi, elə yerə qaçırdı ki, topu ələ keçirsin, onu vəziyyətdən çıxarsın. Rəqibin cərimə meydanında 10 oyunçu olurdu. Amma Banişevski özünü elə aparırdı ki, sanki ondan başqa heç kim yoxdu. Onda olan cəhətləri sözlə ifadə etmək çox çətindi.

 

- Onunla gənc vaxtlarınızda bir yerdə oynamısız. Banişevskinin gənclərlə münasibəti necə idi?

- Şəxsən mənə həmişə məsləhət görərdi ki, məşqdən sonra qal, çatışmayan cəhətlərinin üzərində işlə. Onun üzərimdə zəhməti böyük olub. Məsləhətlərinə çox qulaq asardım. Özü də görürdü ki, çalışqan oyunçuyam.

 

 

“Banişevskinin vurduğu qollarla çox adam vəzifədə oturub”

 

- Necə düşünürsüz, Banişevskiyə lazımi qiymət verildimi?

- Banişevski Azərbaycan futbolunu bütün dünyaya tanıdıb. İndi belə insanların sayı azdı. Onun adını yüksəklərə qaldırmağa çalışmalıyıq. Açığı, bunu hələ bacarmamışıq. Hesab edirəm ki, ona lazımi qiymət verilmir. Bizdə onun kimi futbolçu olmayıb. Stadionlara, küçələrə adını vermək lazımdı. Çünki vaxtında Azərbaycan xalqı onunla fəxr edib. Banişevskinin vurduğu qollarla çox adam vəzifədə oturub, yaxşı işlər görüb. Bunları yaddan çıxarmamalıyıq.

 

- Banişevski eyni zamanda baş məşqçiniz olub. Məşqçi kimi necə idi?

- Yaxşı keyfiyyətlərə malik məşqçi idi. Düzdü, az müddət məşqçilik etdi. Amma onda elə keyfiyyətlər var idi ki, indi çox adamda yoxdu. 1988-ci ildə “Neftçi”dən ayrıldım. Həmin vaxt məni “Kəpəz”ə dəvət etdi. Dedi ki, 32 yaşın var, karyeranın sol çağlarıdı, gəl yanıma, həm oyna, həm də mənə kömək et. Mən də 88-ci ildə Gəncəyə yollandım. Düzdü, orda 4-5 ay bir yerdə olduq. Çünki həmin vaxt şərait yaxşı olmadığı üçün Banişevski “Kəpəz”də qalmadı. Mən də karyeramı bitirib, öz rayonumuza getdim.

 

 

“Sərhədi keçən kimi, həyat yoldaşı pulu tutub əlindən alırdı”

 

- Sizin dövrün futbolçularının çoxu deyir ki, Banişevskinin butsunu daşımaq bizim üçün böyük fəxr idi...

- Bəli. İndi buts daşımaq deyəndə gülməli gəlir. Banişevski kimi dahinin butsunu daşımaq ayıb deyildi. İndi camaat Messinin maykasını pulla alır. Banişevski də öz dövrünün ən yaxşılarından olub.

 

- Son olaraq, Banişevski ilə bağlı maraqlı bir hadisə danışardız...

- Banişevski şən, gülərüz adam olub. Hər səhər bazaya tez gəlib, quşlara tamaşa edirdi. Bazada quş saxlayırdı, onlara baxıb rahatlıq tapırdı. Quşları yemləməmiş məşqə gəlməzdi. O vaxt xarici ölkələrə gedirdik. Banişevski də həmişə həyat yoldaşını aparırdı. Xüsusən də, noyabr-dekabr aylarında Çexoslovakiya, Macarıstan, Yuqoslaviya kimi ölkələrə istirahətə gedirdik. Onda da xaricə pul aparmaq mümkün deyildi. Ancaq 330 rubl dəyişirdilər. Sərhədi keçən kimi, həyat yoldaşı pulu tutub əlindən alırdı. Çünki şənlənməyi sevən adam idi. Banişevski də yaxınlaşırdı bizə ki, yoldaşım pulumu aldı əlimdən, istirahət etmək üçün heç nəyim yoxdu. Onun əhvalının yaxşı olması üçün öz aramızda düzəldib, kömək edirdik. Banyanı bütün sərhədlərdə tanıyırdılar. Hətta xaricə gedəndə deyirdilər ki, bircə dəfə Banişevskini bizə yaxından göstərin, sizi yoxlamayacağıq. Banişevski kimi futbolçularla bağlı xatirələr yaddaşlarda qalmasın, yayılsın. Çünki belələri bizdə az olub.

 

Ruslan SADIQOV