Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları “Bavariya”nın seriyasının qırılması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Almaniyanın ən titullu təmsilçisi qitənin ən nüfuzlu klub turnirində 3 ildən sonra ev məğlubiyyəti alıb.
Münhendə “Real”a 1:2 hesabı ilə uduzan meydan sahibləri sonuncu dəfə 2014-cü il aprelin 29-da evdə yenilmişdi. Həmin vaxt da Madrid təmsilçisinə məğlub olan “Bavariya” daha acınacaqlı nəticəyə üzülmüşdü – 0:4.
3 ilə yaxın müddətdə almaniyalılar Çempionlar Liqasında 16 məğlubiyyətsiz ev oyunu keçirib. “Bavariya” bu matçların hamısında qalib gəlib.
Azərbaycan klublarının Çempionlar Liqasındakı ən uzun ev məğlubiyyətsizliyi “Neftçi”yə məxsusdu. Paytaxt təmsilçisi ardıcıl 8 matçda uduzmayıb. Almaniya təmsilçisindən ikiqat geri qalan “ağ-qaralar” bütün oyunlarını təsnifat mərhələlərində keçirib.