[b]“Böyük oyun”larda yeni rekord, “Neftçi” 50-yə çatdı[/b]
11.04.2016 - 13:15
[b]“Böyük oyun”larda yeni rekord, “Neftçi” 50-yə çatdı[/b]

“Neftçi”nin futbolçusu Ruslan Qurbanov “Böyük oyun”ların tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, milliləşən rusiyalı legioner “ağ-qaralar”la “Xəzər Lənkəran” arasında keçirilən qarşılaşmalarda ardıcıl 3 matç qol vuran ilk futbolçu olub.

 

Bu il ölkə kubokunun 1/4 final mərhələsinin hər iki matçında rəqib qapısına yol tapan Qurbanov martın 2-də Lənkəranda (2:3), 9-da Bakıda (2:0) baş tutan matçda komandasının qollarından birini vurmuşdu. Aprelin 10-da Lənkərandakı Premyer Liqa oyununda da fərqlənən hücumçu ardıcıl 3-cü dəfə bu rəqiblə görüşdən qolla ayrılıb.

 

Ruslana qədər “Böyük oyun”lar tarixində heç kim ardıcıl 3 oyunda qol vurmamışdı. 2004-cü ildə əsası qoyulan rəqabətin 12 illik tarixində ardıcıl 2 matçda fərqlənib, 3 qol vuranlar qeydə alınıb. Bunu “Neftçi”də Zaur Tağızadə və Flavinyo rəsmiləşdirib. Ardıcıl 2 matçda, hərəsində dəfə rəqib qapısına yol tapan başqa futbolçular da olub.

 

Ümumiyyətlə isə Qurbanov “Böyük oyun”larda 4-cü qolunu vurub. Artıq əvvəlki kimi iddialı olmayan prinsipial rəqiblərin arxada qalan 43 oyununda ən çox fərqlənən isə Flavinyodu. Braziliyalı 8 qola sevinib.

 

Hər iki komandada qol vuran Culius Vobayın hesabında 5 top var. O, 3 dəfə “Xəzər Lənkəran”, 2 dəfə “Neftçi”də rəqib qapısına yol tapıb. Ruslan isə rəqibi 4 dəfə oyuna mərkəzdən başlamağa məcbur edən Tağızadəyə çatıb.

 

XXIX turun görüşündə qeydə alınan top həm də yubiley xarakteri daşıyıb. Belə ki, “Neftçi” “Böyük oyun”larda 50-ci dəfə “Xəzər Lənkəran”ın qapısına yol tapıb. Bakılılar buna ümumilikdə 43 - 37 çempionat, 5 kubok və 1 Superkubok qarşılaşmasında nail olublar. Cənublular isə 50 qola 38-i ilə cavab veriblər.

 

Qeyd edək ki, bu prinsipial duellərdə “Neftçi” 16, “Xəzər Lənkəran” 10 qələbə qazanıb, 17 dəfə bərabərlik qeydə alınıb.