“Azərbaycanla pley-off matçları öncəsi yoxlama oyununun keçirilməsi vacib idi. Bu üzdən də Macarıstanla qarşılaşma bizim üçün çox faydalı oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Hollandiya millisinin baş məşqçisi Marsel Lusveld deyib.
53 yaşlı mütəxəssis DÇ-2016-nın Azərbaycanla pley-off oyunlarına hazırlıq məqsədilə keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb. Lusveld Macarıstanla səfərdəki görüşdə qeydə alınan 0:2 hesablı məğlubiyyətə üzülsə də, oyundan məmnun qalıb: “Qarşılaşmadan razı qaldım. Düzdü, nəticə heç də yaxşı olmadı və məni məyus edən yeganə məqam da budu. Lakin Azərbaycanla vacib qarşılaşmalara hazırlaşan komandamız çox yaxşı oyun nümayiş etdirdi. Dəfələrlə qol imkanları yaratsaq da, onlardan yararlana bilmədik. Rəqibimiz isə qapıçını sahə oyunçusu ilə dəyişdikdən sonra istəyinə çatdı”.
Qeyd edək ki, Azərbaycan və Hollandiya milliləri martın 22-də Almere, aprelin 12-də Bakıda üz-üzə gələcək. Cütün qalibi Kolumbiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq.