ABŞ-ın “Nyu York Siti” klubunun formasını geyinən Andrea Pirlo PSJ-nin Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona”ya məğlubiyyətinə münasibət bildirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, veteran yarımmüdafiəçi həmin görüşün Fransa klubunun oyunçularına mənfi təsir göstərəcəyini söyləyib.
Pirlo özünün də vaxtilə analoji hisslər keçirdiyini vurğulayıb. Belə ki, o, 2005-ci ildə ÇL-in finalında “Liverpul”a məğlubiyyəti buna bənzədib: “Çox təcrübəli futbolçuyam. Karyeram ərzində məni üzən təcrübələr də oldu. Onların arasında ən önəmlisi 2005-ci ildə İstanbulda keçirilən Çempionlar Liqasının final matçıdı. Buna pis təcrübə yox, bərbad yumruq desəm, daha doğru olar. PSJ-li futbolçular da “Barselona” ilə görüşdə aldıqları zərbədən sonra dəyişəcəklər. İstanbuldakı acı xatirə mənim üçün hələ də yenidi. Əmin olun ki, belə şeyləri unutmaq çox çətindi”.
Qeyd edək ki, ilk görüşdə 4:0 hesablı qələbə qazanan PSJ cavab matçında 1:6 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.