“Zirə” 2017/18 mövsümündə UEFA lisenziyasını almaq hüququna malikdi. Amma bu, o demək deyil ki, “Zirə” artıq lisenziyanı alıb, avrokuboklarda oynayacaq. Sadəcə, bu komanda da digərləri kimi, eyni meyarlara cavab verməli olacaq”. Bu sözləri apasport.az saytına AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov deyib.
Məmmədov Premyer Liqa klublarının lisenziyalaşdırma ilə bağlı müraciətlərinin başa çatmaq üzrə olduğunu bildirib: “Qışa qədər klublarla treninqlər keçirmişik. Bizdə 5 meyar əsas götürülür: idman, infrastruktur, kadr, hüquq, maliyyə. Bu meyarlar üzrə sənədlər toplanılır. Klublar tələb olunan sənədləri gətirirlər. Artıq maliyyə ilə bağlı sənədlər yekunlaşır. İndidən nəsə demək çətindi. Çünki bütün sənədlər gərək tam yığılsın və komissiya onları araşdırsın. Mayda məsələ ilə bağlı iclas keçirəcəyik və qərarları rəsmi şəkildə saytda yerləşdirəcəyik”.
Lisenziyalaşdırma Qrupunun rəhbəri elitanı tərk edəcəyi rəsmiləşən AZAL da daxil olmaqla, bütün klubların Premyer Liqada iştirak üçün sənədlər təqdim etdiklərini vurğulayıb. O, bu məsələdə maliyyə ilə bağlı sənədlərin böyük önəm kəsb etdiyini söyləyib: “Premyer Liqanın bütün klubları bizə müraciət ediblər. Hazırda elitada iştirak edən 8 komandanın hamısı gələn mövsüm Premyer Liqada iştirak üçün sənədlər təqdim edir. Bəziləri bununla yanaşı, UEFA lisenziyası üçün də müraciət edib. Həmçinin, Premyer Liqada iştirak etmək istəyən bir neçə I divizion təmsilçisi də müraciət edib. Bəri başdan konkret fikir bildirmək istəmirik. Çünki bunun idman nəticələrinə təsiri ola bilər. Ümumi götürdükdə, Premyer Liqa klubları ilk dəfə deyil ki, bu prosesdən keçirlər. Ötən mövsüm yüksək dəstədəki 8 klub lisenziya almışdı və təcrübələri var. Sırf sənədlərin toplanmasında bir problem görmürəm. Təbii ki, əsas maliyyədi. Hər il klublar auditdən keçir və hesabatları verirlər. Digər meyarlara gəlincə, klublarda uşaq komandaları, stadionlar var, məşqçilərin diplomları mövcuddu və s. Əsas məqam maliyyədi ki, buna da baxılacaq”.