Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz “Bursaspor”da qalmayacaq. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “ağ-yaşıllar” 29 yaşlı futbolçunu transferə çıxarıb.
Bir neçə futbolçu ilə bağlı qərarını açıqlayan Bursa təmsilçisi gələn mövsüm yığmamızın üzvünün xidmətində maraqlı deyil. Ancaq Superliqa klubu onu havayı buraxmayacaq. Belə ki, rəhbərlik müqavilə müddəti davam edən forvardı kiçik məbləğ qarşılığında satmağa hazırdı. Lakin Yılmazı heyətinə qatmaq istəyən bir neçə Superliqa komandası bu transferi pulsuz həyata keçirmək fikrindədi. Bu da oyunçunun gələcək aqibətinin qeyri-müəyyən olduğunu göstərir.
Dəniz Yılmazla yanaşı, daha bir neçə oyunçu “Bursaspor”dan göndəriləcək. Del Valle ilə artıq sağollaşan klub rəhbərliyinin “qara siyahı”sındakı digər futbolçular Əmrə Taşdəmir, Mərt Günok, Sərcan Yıldırım və Boban Yoviçdi.
Qeyd edək ki, baş məşqçi postuna Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçkini gətirməyə çalışan “Bursaspor” futbolçu heyətində də köklü dəyişikliklər edəcək.