“Məşqlərdə hamı özünü yaxşı tərəfdən göstərməyə çalışır. Sıx qrafikdə oyunlar keçiririk. Amma bu, komanda üzvlərinə problem yaratmır”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Çelsi”nin kapitanı Qari Keyhill deyib.
London klubu Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin ilk turu çərçivəsində sabah “Qarabağ”ı qəbul edəcək.
Matçdan öncə keçirilən mətbuat konfransında Keyhill də iştirak edib. Təcrübəli müdafiəçi meydana qələbə üçün çıxacaqlarını bildirib: “Məşqlərdə çox yaxşı işləyirik. Bunun da bəhrəsini meydanda görməli, nəticə əldə etməliyik. Komandamız üçün nəticənin nə qədər vacib olduğunu bilirik. Sabah da bunu etməyə çalışacağıq”.
Təcrübəli müdafiəçi çətin qrupa düşdüklərini etiraf edib: “Çətin qrupda yer almışıq. Amma Çempionlar Liqasında qarşına məhz bu cür rəqiblər çıxır. Hər biri güclüdü. Bizim bu qrupda necə çıxış edəcəyimiz hamı üçün maraqlıdı. Hər mənada keyfiyyətli komandayıq. Çempionlar Liqasına qayıdışımızı səbirsizliklə gözləyirik. Biz bu turnirdə oynamaqdan həzz alırıq. Yenidən ÇL-də olduğumuz üçün şadıq”.
Keyhill ÇL-in qalibi olmağı hədəflədiklərini bildirib: “Çempionlar Liqası dünyanın ən yaxşı futbol turnirlərindən biridi. Ötən mövsüm bu cür yarışdan kənarda qalmışdıq və digər komandaların oyunlarını görəndə bizim də ürəyimizdən ÇL-də iştirak etmək keçirdi. Olmalı olduğumuz yerə qayıtdıq. Qrup mərhələsindəki ilk matçı səbirsizliklə gözləyirik. Karyeram ərzində qazandığım ən dəyərli medalların sırasında ÇL-in medalı da var. Həmin hissləri heç vaxt unutmayacağam. Bu cür turnirdə çempionluq sevinci yaşamaq üçün keyfiyyətin olmalı, üstəlik bəxtin gətirməlidi. Bundan əlavə, bütün görüşləri yaxşı keçirməlisən. Çünki Çempionlar Liqasında ən yaxşı komandalara qarşı oynayırsan. Həm futbolçular, həm də azarkeşlər üçün bu cür matçlar çox maraqlı olur”.