“Qəbələ”nin kapitanı Cavid Hüseynovun apasport.az saytına müsahibəsi
- Premyer Liqanın XXI turu çərçivəsində “Sumqayıt”la evdə heç-heçə (1:1) etdiniz. Qələbə hesabını qoruya bilməməyinizin səbəbini nədə görürsünüz?
- Qələbə qazanmaq istəyirdik, təəssüf ki, alınmadı. Halbuki, bunun üçün əlimizdən gələni etdik. Ancaq bu, 3 xal üçün yetərli olmadı. Rəqib son dəqiqələrdə vurduğu qolla heç-heçə etməyi bacardı.
- Zədədən yeni qayıtdığınız üçün istədiyiniz oyunu göstərə bilmədiniz. Meydanda əvvəlki Cavidi nə vaxt görəcəyik?
- Mən də çalışıram ki, tez formaya düşüm. Oyundan-oyuna formamı bərpa etməyi düşünürəm. Əlbəttə ki, bunun üçün müəyyən vaxt lazımdı.
- III dövrəni elə də yaxşı keçirmədiniz və cəmi 2 qələbə qazandınız. Bunu nə ilə əlaqələndirmək olar?
- Bizdə sanki hər zaman belə bir “xəstəlik” var. İlk 2 dövrəni yüksək səviyyədə keçiririk. Ancaq III dövrədən etibarən kollektiv şəkildə eniş yaşayırıq. Sözün düzü, bunun səbəbini bilmirəm. Baxmayaraq ki, komanda hər oyuna yüksək motivasiya ilə hazırlaşır. Bütün futbolçular meydana yalnız qələbə qazanmaq üçün çıxırlar. Hazırlığımızda da heç bir problem olmur. Baş məşqçi Roman Qriqorçuk məşqimizdən razı qalır. Ancaq oyunda bunu göstərə bilmirik.
- Lider “Qarabağ”la aranızda 10 xallıq fərq var. Çempionluq şanslarınızı necə dəyərləndirirsiniz?
- Xal fərqi böyükdü. Hər oyun “itirə-itirə” gedirik. “Sumqayıt”la görüşdə qələbə qazansaydıq, şansımız 20 faiz artardı. Belə olsaydı, növbəti oyunlarda qalib gəlib, “Qarabağ”ın xal itirməsini gözləyəcəkdik. Amma indi real yanaşsaq, çempionluq şansımız yoxdu.
- Son olaraq, milli komanda haqda fikirləriniz bilmək istərdik. Qurban Qurbanovun baş məşqçi postuna gəlişindən sonra yığmada hansı dəyişikliklər hiss edirsiniz?
- Qurban müəllim Premyer Liqada top qovan bütün layiqli yerli futbolçuları millidə sınaqdan keçirir. Yoxlama görüşlərində gördük ki, hamının yığmada çıxış etmək şansı var. Düzdü, Belarusa məğlub olduq, ancaq Makedoniya ilə matçda yığma yaxşı oyun sərgilədi. Baş məşqçi hamıya şans verir ki, sonda optimal heyəti qurub, Millətlər Liqasında layiqli çıxış edək.
Elmar RZA