İstanbuldakı Atatürk Hava Limanında törədilən terrorla əlaqədar dünən gecə Moldovaya qayıda bilməyən “Daçiya” klubu bu problemdən qurtulub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsində “Kəpəz”in rəqibi olan Kişinyov təmsilçisi bu saatlarda Azərbaycanı tərk edəcək.
Belə ki, moldovalılar “Boulevard Hotel Baku” otelini təxminən 1 saat əvvəl tərk ediblər. Məlumatı əməkdaşımızla söhbətində otelin operatoru da təsdiqləyib.
“Daçiya”nın vətənə hansı aviareyslə qayıdacağı da bəlli olub. Gəncəlilərin rəqibi əvvəldən nəzərdə tutulan Bakı-İstanbul-Kişinyov reysindən istifadə edəcəklər. “Daçiya”nın səfər vaxtı dəyişdiyindən, əlavə otel xərclərini “Türk Hava Yolları” aviaşirkəti ödəyib.
Qeyd edək ki, “Kəpəz” və “Daçiya” arasında ilk qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Bu komandalar arasında cavab matçı iyulun 7-də Moldovada keçiriləcək.