“Yarımfinala qədər irəliləməyimiz uşaqlarda özünəinamı artırdı. Bakıda çempion olub, 7 illik həsrətə son qoymaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Almaniya yığmasının baş məşqçisi Meykel Şönveyts deyib.
U-17-lər arasında Bakıda keçirilən Avropa çempionatının yarımfinal mərhələsində bu gün İspaniya ilə qarşılaşacaq almanlar rəqibdən çəkinmirlər. Şönveyts matça xüsusi hazırlaşdıqlarını söyləyib: “Biz son 5 ildə 3 dəfə finala çıxsaq da, hər 3 halda məğlub olmuşuq. Bakıda bunun təkrarlanmasına imkan verməməliyik. Rəqib güclü olsa da, bizim hədəfimiz bəllidi. Geriyə yolumuz yoxdu”.
Bu turnirdə 10 qol vuran Almaniya millisinin hücumçularının aktivində ümumilikdə 5 top var. Bunlardan 3-nə Yari Otto, 2-nə isə Renat Dadaşov imza atıb. Yerli media hücumçuların məhsuldarlığının aşağı olmasından şikayətlənsə də, Şönveyts bununla razılaşmır. O, xüsusən də, Azərbaycan əsilli Dadaşova güvəndiklərini vurğulayıb: “Renat 1/4 finalda həlledici qolu vuraraq, bizi yarımfinala daşıdı. Həm ona, həm də Ottoya güvənirik. Dadaşovun Azərbaycan əsilli olması düşünürəm ki, turnirdə bizim xeyrimizə işləyir. Bu amil oyunlarda yerli azarkeşlərin bizə daha çox dəstək verməsinə səbəb olur”.
Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək Almaniya – İspaniya oyunu saat 20:00-da başlayacaq.