[b]“Deməli, biz daha şanslıyıq” – Kayl Lafferti[/b]
11.06.2017 - 10:30
[b]“Deməli, biz daha şanslıyıq” – Kayl Lafferti[/b]

DÇ-2018-in seçmə mərhələsində bu gün ikinci hissədə meydana çıxan və millimizə qarşı mübarizə aparan Şimali İrlandiyanın hücumçusu Kayl Lafferti oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Bakıdan hansı təəssüratla ayrılırsınız?

-  Çox çətin oyun oldu. Əslində, bunu gözləyirdik də. Çünki Azərbaycan millisinin doğma meydanda daha yaxşı çıxış etdiyini bilirdik. Seçmə mrəhələni uğurla davam etdirmək üçün mütləq qələbə qazanmaq istəyirdik. Son dəqiqəyə qədər mübarizə apardıq və istədiyimizi əldə etdik.

 

- Bir neçə epizod oldu ki, Azərbaycan millisi qol vura bilərdi. Həmin anlarda oyunu uduzacağınız haqda düşünürdünüzmü?

- Bunu düşünsəydik, istəyimizə nail ola bilməzdik. Rəqibin şansları oldu, deməli, biz daha şanslıyıq ki, həmin anlarda fərqlənə bilmədiniz.

 

- Bəs qol vurduğunuz epizodu necə xatırlayırsınız?

- Ofsayd olmadığını gördüm və hücumu davam etdirdik.

 

- 7-8 ay əvvəl millimizin Belfastda böyükhesabla yenmişdiniz. Həmin oyundakı komandamızla indikini müqayisə edə bilərsinizmi?

- Bu cür müqayisəni apara bilmərəm. Taktiki planda düzgün oynadıq və nəticədə bizə lazım olan 3 xalı qazandıq. O oyunla müqayisədə komandanızda yeni futbolçuların olduğunu gördük.

 

- Adınız klublarımızdan biri ilə birgə hallandırılır. Bu xəbər nə dərəcədə düzgündü?

- Mən də mətbuatdan oxumuşam bu xəbəri. Reallıq isə belədir: heç bir komanda və ya menecer mənimlə əlaqə saxlamayıb, hansısa təklif irəli sürməyib. Hazırda heç bir klubla müqaviləm yoxdu. Belə deyim də, sərbəst agentəm. Gələcək təkliflərə isə açığam.

 

- Əgər Azərbaycan klublarından təklif alsanız, bura gəlməyə razılaşarsınız?

- Niyə də olmasın?! Bu cür azarkeşlərin (oyunda tribunaları dolduran azarkeşləri nəzərdə tutur) qaşısında oynamaq ancaq zövq verər. Təklif olsa, danışıq apara bilərik.

 

- Çempionatın səviyyəsi sizi narahat etmir?

- Xeyr, bu haqda düşünmürəm.