Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün “Zirə”nin qonağı olacaq “Differdanj”ın ehtimal “11-liy”i açıqlanıb. Apasport.az saytı Lüksemburq mətbuatına istinadən xəbər verir ki, qonaqların baş məşqçisi Paskal Karzaniqa ənənəvi taktikasından yararlanacaq.
Belə ki, “Differdanj”ın Bakıda 4-3-3 taktiki sxemində oynayacağı bildirilir. Fransalı çalışdırıcının qapı xətti üçün 2 namizədi var. Onun yeni transfer Patrik Vorre ilə müqayisədə Julien Veberə üstünlük verəcəyi gözlənilir.
Həmkarlarımızın yazdığına görə, “Zirə” ilə görüşdə “Differdanj”ın müdafiə xəttində Mattias Yaniş, Andre Rodriges, Devid Vandenbrek və Ceffri Franzoni yer alacaq. Yarımmüdafiədə Dueyn Holter, Devid Fleurival və Munir Hamzaui oynayacaq.
Lüksemburq mətbuatı hücumun cinahlarında Şadli Amri və Cordan Yeyenin çıxış edəcəyinə əmindi. Yeganə müəmmalı məqam mərkəz hücumçusu mövqeyi ilə bağlıdı. Belə ki, baş məşqçinin Qotye Karon və yeni transfer Nikolas Peres arasında seçim edəcəyi vurğulanıb.
Qeyd edək ki, “Dalğa Arena”da baş tutacaq “Zirə” – “Differdanj” matçı saat 21:00-da start götürəcək.