[b]“Əjdaha”[/b]
30.11.2016 - 11:04
[b]“Əjdaha”[/b]

Topaz Premyer Liqasının XIII turunun mərkəzi qarşılaşması olan “Qarabağ” – “Qəbələ” matçı (2:1) insidentlə yadda qaldı. Apasport.az saytının məlumatına görə, hadisələrin mərkəzində FİFA referisi Rəhim Həsənov dayandı.

 

Matçın gərgin keçəcəyi əvvəlcədən bəlli idi. Çünki çempionluğa oynayan iki komanda qarşılaşırdı, üstəlik, xalları eyni idi. Bu mənada, vahid liderə çevrilmək arzusu həm “Qarabağ”da var idi, həm də “Qəbələ”də. Oyunun bu komandaların ilk dövrədə Qəbələdəki görüşünü də idarə etmiş Rəhim Həsənova tapşırılması hələ bir neçə gün öncədən birmənalı qarşılanmamışdı.  

 

Əslində, matçın startı gərgin sonluqdan xəbər vermirdi. Meydan sahibi “Qarabağ” ilk hissədə qarşılaşmaya nəzarət etsə də, Bezotosnı səddini keçə bilmirdi. Fasilədən sonra oyunun tempi bir qədər də artdı. “Qəbələ” hesabı açdıqdan sonra “Qarabağ” bərabərlik qolunun axtarışına çıxdı. Yavaş-yavaş hiss olunurdu ki, Həsənov oyunun ipini əlindən buraxır. Təsadüfi deyil ki, hər iki komandanın texniki zonasından ara-sıra narazılıq səsləri eşidilirdi. Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanovun hakim tərəfindən texniki zonadan uzaqlaşdırılması da bunun nəticəsi idi.

 

Rəhim Həsənov matçın son dəqiqələrdə daha da artan tempi ilə ayaqlaşa bilmədi. 87-ci dəqiqədə qonaqların qapısına təyin etdiyi penalti isə partlayışı hazırladı. Top Vitali Vernidubun üzünə dəyib, daha sonra əlinə toxunmuşdu. “Qəbələ”lilər ukraynalı futbolçunun üzündəki qanı əsas gətirərək, topun Vernidubun ağzına dəydiyini nə qədər izah etməyə çalışsalar da, referi iradları qəbul etmədi.

 

Bu, Rəhim Həsənovun qərarında israrlı, özünəəmin olmağı ilə bağlı deyildi. Bəli, bəli. Heç özünə əmin olan, verdiyi qərara şübhə ilə yanaşmayan hakim qulaqcıq vasitəsilə köməkçisindən soruşar ki, “əjdaha, görmədin top futbolçunun harasına dəydi?”. Yaxşı ki, bunu “Qəbələ”nin futbolçusu Asif Məmmədovun yanında deyib. Yoxsa Həsənovun “əjdaha söhbəti” özü ilə əjdaha arasında qalacaqdı. Məntiqlə baş hakim briqadanın əjdahası, yəni başçısı sayılır. Görünür, Rəhim Həsənovun briqadasında əjdaha başqasıdı. Yəni, FİFA referisi adını daşıyan, Avropada ölkəmizi təmsil edən Rəhim oyunda olduğu kimi, briqadasında da ipi əldən verib. Məgər bütün FİFA referiləri çaş-baş qaldığı epizodlarda “əjdaha”ya müraciət edirlər? Adama deməzlər ki, sənə əjdaha lazımdı?

 

Oyunu canlı yayımlayan “CBC Sport” telekanalında matçın yekun hesabını müəyyənləşdirən qolun 90+8-ci dəqiqədə vurulduğu görünür. Düzdü, görüşə əlavə olunmuş dəqiqələrdə Riçard Almeyda qırmızı vərəqə alaraq, meydandan qovuldu ki, bu, bir qədər vaxt aldı. Amma oyunun o qədər uzanmağı müəmmalıdı.

 

Məhz Dinonun qolundan sonra aləm bir-birinə dəydi. Az öncə qırmızı vərəqə alan Almeyda, Həsənovun gözündən iraq, yenidən meydançada peyda oldu, komanda yoldaşları ilə qolun sevincini yaşadı. “Qəbələ” komandası isə hakimə olan etirazını öncə meydanı tərk etməsi ilə bildirdi. Həsənov da bunu görən kimi, dərhal final fitini səsləndirdi. Bunun qaydalara zidd olub-olmadığını Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov daha yaxşı bilər. İstənilən halda, Rəhim həmin anda oyunun yarımçıq qalmamağı üçün o addımı atdı. Görəsən, onda da əjdahanın məsləhətinə ehtiyac duydumu?