[b]“Elektrik qurğuları sıradan çıxır, yanacaq yoxdu” – dəhşətli qəzanın təfərrüatları[/b]
01.12.2016 - 11:16
[b]“Elektrik qurğuları sıradan çıxır, yanacaq yoxdu” – dəhşətli qəzanın təfərrüatları[/b]

Braziliyanın “Şapokoense” futbol klubunun uğradığı təyyarə qəzasının təfərrüatları üzə çıxıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, pilotun səs yazısı yayılıb.

 

Təyyarəni idarə edən boliviyalı Migel Kiroqa yanacaq probleminin olduğunu bildirərək, hava limanına çatmaq üçün dəfələrlə kömək istəyib. Təxminən 11 dəqiqəlik audio Kolumbiyanın radiolarında yayımlanıb.

 

Nəzarətçi pilota 7 dəqiqədən sonra enə biləcəklərini deyərək, havada qalmalarını istəyib. Həmin vaxt başqa “hava gəmisi” onlar tərəfindən qəbul edilirmiş. Pilot yenidən nəzarətçi ilə əlaqəyə çıxaraq, vəziyyətin kritik olduğunu bildirib: “Xanım, təyyarə tam olaraq sıradan çıxmaq üzrədi. Elektrik qurğuları da sıradan çıxır. Yanacaq yoxdu”.

 

Üçüncü cəhddən sonra pilota yerdən koordinat verilib. Nəzarətçi hansı hündürlükdə olduqlarını soruşanda Kiroqa “2743 metr, istiqamət, istiqamət...” sözlərini deyib. Bu, onun son sözləri olub. Nəzarətçinin növbəti sualları isə cavabsız qalıb.

 

Qeyd edək ki, qəza nəticəsində təyyarədə 81 nəfərdən 77-si dünyasını dəyişib.