[b]“Fənərbaxça” Pereyranın qovulma səbəblərini açıqladı[/b]
15.08.2016 - 16:35
[b]“Fənərbaxça” Pereyranın qovulma səbəblərini açıqladı[/b]

Türkiyənin “Fənərbaxça” klubu baş məşqçi Vitor Pereyranın istefaya göndərilməsinin səbəblərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində “Monako”ya uduzandan sonra istefası gündəmə gələn portuqaliyalı ilə müqavilə birtərəfli qaydada pozulub.

 

Onun postundan qovulmasına klubun İdarə Heyəti qərar verib. “Fənərbaxça”nın rəsmi saytının yaydığı məlumatda istefaya nəticələrdən çox Pereyranın davranışlarının səbəb olduğu bildirilir.

 

Belə ki, avqustun 13-də köməkçiləri ilə birlikdə vətəninə yollanan baş məşqçi Türkiyədən klub rəhbərliyini xəbərdar etmədən ayrılıb. Həmin gün baş tutan məşqə isə qapıçılarla çalışan məşqçi Paulo Orıandonidən başqa çalışdırıcı qatılmayıb. Pereyranın vətənində verdiyi müsahibədə klub haqda dedikləri də rəhbərliyin qəzəbinə tuş gəlib.

 

Yeni mövsüm ərəfəsində transfer və digər məsələləri baş məşqçi ilə müzakirə edən klub rəhbərliyi çalışdırıcının “Monako” ilə qarşılaşmalarda heyətə uyğun oyun üslubu seçməməsindən də narazı qalıb. Pereyradan yazılı izahat tələb olunduqda isə mütəxəssis vətəninə dönməyə üstünlük verib.

 

Bütün bunları, həmçinin baş məşqçinin müqaviləyə uyğun davranmamasını nəzərə alan “Fənərbaxça” rəhbərliyi müqaviləni birtərəfli qaydada pozmağı daha məqsədəuyğun sayıb.

 

Qeyd edək ki, İstanbul klubu artıq Pereyraya əvəzləyici də tapıb. Türkiyəlilər bu posta Hollandiya yığmasının köməkçi məşqçi vəzifəsindən ayrılan Dik Advokatı gətirməyi lazım bilib.