AZAL klubunun baş məşqçisi Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XXII turunda “Sumqayıt”a (0:2) məğlub oldunuz. Sizcə, komandanız buna layiq idi?
- Bəli, oyun baxımından komanda məğlubiyyətə layiq idi. Ümumiyyətlə, 75 dəqiqə futboldan əsər-əlamət yox idi. Son 15 dəqiqədə oynamağa başladıq. Hiss olunurdu ki, futbolçular tələsirlər. Düzdü, 15 dəqiqəyə çox şeyi dəyişmək olar. Amma məğlubiyyətlə barışmalı idik. Çünki “Sumqayıt” futbolçuları həddən artıq aqressiv idilər. Qarşılaşmadan əvvəl də rəqibin taktiki gedişlərini oyunçulara izah etmişdim. Ancaq elə dediyim məqamlarda səhvlər buraxdıq. Bir sözlə, məğlubiyyət qaçılmaz idi.
- Rəqib 4 dəqiqə ərzində 2 qol vurdu və bunun sayəsində qələbə qazandı. Həmin 4 dəqiqədə nələr baş verdi?
- Bilirsiz, məşqçinin əli meydanın içinə çatmır. Oyunöncəsi tapşırıqları veririk, rəqibin güclü və zəif cəhətlərini izah edirik. Amma meydanda bütün qərarları futbolçular verir. Görünür, futbolçularımız özlərini həddən artıq motivasiya etməmişdilər. Çünki belədə aqressiv ola bilmirsən. Komanda aqressiv olanda bir neçə oyunçu eyni vaxtda eyni qərarı verə bilir. Artıq 15-ci dəqiqədə hiss edirdim ki, komanda “yuxudadı”. Bəlkə də, “Sumqayıt”ın bizdən 8 xal geridə olması arxayınlıq yaratmışdı. O ki qaldı 4 dəqiqəyə 2 top buraxmağımıza, ilk qolda top artıq kornerə gedəndə komandanın “sınma” ehtimalının böyük olduğunu düşündüm. Həmin anda məşqçinin müdaxiləsi də çətin olur. Çünki bunlar ani olan şeylərdi.
- Qış fasiləsindən sonra stabil oyun göstərə bilmirsiz...
- Mövsümün startında ardıcıl 5 tur qol vurmadan məğlub olduq. AZAL-ın tarixində hələ belə hal olmamışdı. İlk növbədə bu zərbə mənə dəydi. Çünki uğurlu futbolçu karyerası olmuş, məşqçi kimi “Neftçi” ilə Avrokubokun qrupunda iştirak etmiş biri üçün ardıcıl 5 turda qol vurmadan məğlub olmaq ciddi zərbədi. Axı bütün məsuliyyəti baş məşqçi daşıyır. Amma sonra yavaş-yavaş stabilliyi bərpa edə bildik. Qış fasiləsindən sonra “Qarabağ” üzərində qələbəni də nəzərə alsaq, XX tura qədər ardıcıl 6 turda 5 qələbə, 1 heç-heçəlik nəticə əldə etdik. Həmin 6 turda qol buraxmamaq özü də böyük nailiyyət idi.
- Futbolçularınızın bu mövsümkü ümumi çıxışı ürəyinizcədimi?
- Bu uşaqların çoxu futboldan küsən adamlar olub. Çünki onları bu peşədən uzaqlaşdırmışdılar. Mənim ilk işim onlarda futbola məhəbbəti yaratmaq olub. Bir ara uğurlu seriya yaxalamağımız həmin məhəbbətin nəticəsi idi. Lakin hiss olunur ki, peşəkarlıq baxımından hələ özlərini tam təkmilləşdirməyiblər. Ardıcıl bir neçə oyun yaxşı çıxış edə bilirlər. Amma həmin peşəkarlığın olmaması, uzun müddət Premyer Liqadan kənar qalmaları bəzi matçlarda özünü büruzə verir.
- Yuxarı pillələrdəki komandalardan çox da geri qalmırsız. Avroliqa şansınızı necə qiymətləndirirsiz?
- Mövsümün əvvəlində bu komandanı götürəndə qarşıma Premyer Liqada qalmaq məqsədi qoyulmuşdu. Həmin vaxt Avrokubok mənim üçün əlçatmaz idi. Heç kim də bunu düşünmürdü. İşin gedişinə görə, özümüz də görürük ki, Avroliqaya şans var. Amma “Kəpəz”lə, “İnter”lə və “Sumqayıt”la oyunları görəndə öz-özümə deyirəm ki, komandanın edə biləcəyi maksimum iş budu. Mövsümün əvvəlində nə mətbuat, nə ictimaiyyət, nə də rəhbərlikdə çox adam bu komanda ilə nəsə edəcəyimizə inanırdı. Avroliqa uğrunda mübarizənin davamı üçün başqa nüanslar da həllini tapmalı idi. Mən də düşünürdüm ki, “Sumqayıt”dan 1 xal alsaydıq belə, bizim üçün yaxşı nəticə olardı. Çünki bu yolla ən azı “Sumqayıt”la aradakı xal fərqini qoruyacaqdıq. Üstəlik, “Neftçi” və “Kəpəz” də bu turda məğlub oldu. Amma məsələyə başqa prizmadan da baxmaq lazımdı. Bu gün 150 minlik büdcə ilə Avropa Liqasına can atmaq istəyirəm. 300-500 manatlıq futbolçu ilə 15 milyonluq büdcəsi olan komandanın qarşısına çıxıram. Hər halda, AZAL ardıcıl 6 turda məğlub olmayanda rəqiblər də oturub bunu təhlil ediblər. Mən bundan sonra futboldan küsmüş adamlarla Avroliqaya necə gedim? Görürsən ki, komanda yavaş-yavaş geri gedir. Bu problemlərin hamısını həll etmək üçün vaxt lazımdı. Amma indi vaxt verəcək məqamda deyilik. Problemlərə baş qoşmaq istəyirəm, bir də görürəm ki, qarşıdakı oyun yaxınlaşır. Oyuna fikrimi cəmləyəndə də problemlər özünü göstərir. Rəqiblər də boş oturmur, təhlillər aparırlar. Hər halda, heç kim istəməz ki, 150 minlik komanda gəlib 3 milyonluq klubu üstələsin. Belədə balans da pozulur.
- Maliyyə durumunun aşağı olmasının nəticələrə nə kimi təsiri var?
- Maliyyə durumu barədə heç nə demək istəmirəm. Amma Avropa ölkələrində bəzi klublar böhran yaşadılar. “Parma” kimi klub dağıldı. Təsəvvür edin ki, 500-600 manat əməkhaqqı alan Seymur Əsədov bir ildən çoxdu futbol oynamır. Onun gələcək taleyi sual altındadı. İnşallah, qayıdar. Amma bir il futboldan uzaq olan adama bərpa olunması üçün xeyli vaxt lazımdı. Ağır zədə alan bir futbolçu 500-600 manatlıq əməkhaqqısını vaxtında almasa, hansı hissləri keçirər? Hər biri ailə başçısıdı. Maliyyə təkcə futbolda yox, şəxsi həyatda da böyük rol oynayır. Futbolçu xətir-hörmətə 2-3 tur oynayar. Getdikcə səmimiyyət, dostluq münasibəti də sönməyə başlayır. Onun ailəsini dolandıracaq, dost-tanışla bir yerə gedəcək qədər cibində pulu yoxdusa, futbol ikinci plana düşəcək. Oyunçunun maliyyə problemi olmasa, cibində övladının tələbatını qarşılayacaq qədər məbləğ olsa, fikrini futbola cəmləyər.
Ruslan SADIQOV
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”