“Naxçıvanlılara təşəkkür edirəm. Komandama minnətdaram. Ağır mövsüm keçirdik. Ardıcıl 3 dəfə kubokun qalibi olmaq böyük uğurdu. Düşündüyümüz hər şey alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ölkə kubokunun finalında “Qəbələ” ilə üz-üzə gələn Ağdam təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Matçdan sonra keçirilən mətbuat konfransında Qurbanov qələbəni şərh edib: “Qəbələ”yə uğur arzulayıram. Çox əziyyət çəkdilər. Onlarla gərgin oyunlarımız oldu. Əlbəttə ki, bu gün qeydə alınan nəticədən və oyundan razı qaldım. Futbolçulara da deyirəm ki, hər dəfə uğur qazananda məsuliyyətimiz artır”.
- “Qarabağ” bu gün nəyin hesabına “Qəbələ”ni üstələyə bildi?
- Çətin sualdı. Nəsə deməyim bəlkə doğru çıxmaz. Sadəcə, əlimizə düşən fürsətlərdən istifadə etdik. Bizim qol epizodlarımız daha çox oldu. İkinci hissənin başlanğıcında çox hücum etdik. Hava şəraiti çətin idi. Bizim ən ağır oyunlarımız “Qəbələ”yə qarşı olub.
- “Qarabağ” məzuniyyətdən nə vaxt qayıdacaq?
- İyunun əvvəlində. Növbəti ayın 1-də yığışmağı düşünürük. Əvvəlcə Bakıda bir araya gələcəyik.
- Bugünkü qələbəni və cari mövsümdəki qızıl dublu kimə həsr edirsiniz?
- Bu, bizim işimiz, peşəmizdi. Öz komandamıza, qarabağlılara həsr edirəm.
- İkinci hissənin əvvəlində əvəzlənən Rəşad Sadıqovun zədəsi ciddidi?
- Rəşadın dizində bir az ağrı oldu. Buna görə də dəyişdik. İndi qəti bir söz deyə bilmərəm. Ola bilsin ki, zədəsi ciddi deyil. Qarşıdakı günlərdə bəlli olacaq.
- Gələcək planlarınız nədən ibarətdi?
- Komandamıza bir neçə futbolçu dəvət etmək istəyirik. Danışıqlar gedir. Amma çətindi. İmkan daxilində, nə qədər bacarsaq, futbolçu gətirəcəyik.