“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Höteborq”la ilk görüşünü polşalı Pavel Raçkovski idarə edəcək. Apasport.az saytının məlumatına görə, 33 yaşlı referi ilk dəfə Azərbaycan təmsilçisinin oyununda fit çalacaq.
2010-cu ildən Polşa yüksək liqasında oyunlara təyinat alan Raçkovski Avrokuboklarda 2013-cü ildə debüt edib. Həmin görüş Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “İrtış”la (Qazaxıstan) “Şiroki Briyeq” (Bosniya və Herseqovina) arasında keçirilib. Polşalı referinin Çempionlar Liqasındakı debütü isə 2014-cü ilə təsadüf edib.
Ümumiyyətlə, Raçkovski 2013-cü ildən bəri avrokuboklarda 10 matçda ədalət təmsilçisi olub ki, bunun 3-ü Çempionlar Liqasının təsnifat mərhələlərinə təsadüf edib. İnkişaf etməkdə olan hakimlər arasında göstərilən polşalı ötən mövsüm Avropa Liqasının 3 qrup görüşünü idarə edib. 10 qarşılaşmada 53 dəfə əlini cibinə atan Raçkovski bunun yalnız 1-də qırmızı vərəqəyə müraciət edib.
Onun idarə etdiyi qarşılaşmaların 5-də meydan sahibləri, 4-də qonaqlar qələbə qazanıblarsa, 1 görüşdə qalib müəyyənləşməyib. Diqqətçəkən məqamlardan biri də Raçkovskinin baş hakim olduğu bütün oyunlarda hesabın açılmasıdı. Avrokuboklardakı 10 oyundan yarısında qapılara 3 və daha çox top vurulub. Ümumilikdə isə 10 matçda referi 31 dəfə mərkəzi göstərib.
Qeyd edək ki, “Höteborq” – “Qarabağ” oyunu avqustun 18-də “Qamla Ullevi” stadionunda keçiriləcək.